Baş Prokurorluğun əməkdaşları virtual valyutaların yaratdığı təhdidləri müzakirə ediblər


15:40     06 Aprel 2015 konf.jpg


Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər.

Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Türkmənistanın Aşqabad şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) təşkilatçılığı ilə elektron pullar və virtual valyutalar vasitəsilə cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması ilə bağlı cinayətlərin aşkar olunması və araşdırılması mövzusunda regional seminar keçirilib.

Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistanın hüquq mühafizə və digər aidiyyəti qurumlarının və beynəlxalq ekspertlərin iştirak etdiyi seminar BMTNCİ-nin Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərində transmilli mütəşəkkil cinayətkarlığın mənşəyi, tranziti və hərəkət istiqamətinin qarşısının alınması məqsədilə prokuror və mərkəzi orqanlar şəbəkəsinin müəyyən edilməsi və gücləndirilməsi təşəbbüsü çərçivəsində təşkil olunub.

Tədbirdə Azərbaycanı Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev təmsil ediblər.

Mövzu ilə bağlı çıxışlar edilib, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində tətbiq edilən yeni ödəniş üsulları, o cümlədən elektron pullar və virtual valyutalar, onların yaratdığı təhdidlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin üzvləri mövzular üzrə təqdimatlar keçirərək ölkəmizdə bu sahədə görülmüş işlər, o cümlədən qəbul edilmiş normativ hüquqi baza və tətbiq olunan təcrübə barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 839