DİQQƏT! - Sahibsiz heyvanlarla təmasda olmaq


18:34     27 Yanvar 2019 sahibsiz%20itler.jpg

Azərbaycanda aparılan elmi tədqiqat işləri nəticəsində məlum oub ki, sahibsiz it və pişiklərdə aşkar edilmiş parazit qurdların 29 növü insan və heyvanlara keçir.

Bunu AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Reyhan İbrahimova deyib.

R.İbrahimovanın sözlərinə görə, sahibsiz it və pişiklər insanları, kənd təsərrüfatı heyvanlarını (gövşəyən ev heyvanlarını) parazitar xəstəliklərlə yoluxdururlar.

Azərbaycanda insanların və heyvanların yoluxduğu qurdlar sırasında ilk 3 yeri "Exinokokkoz", "Ancylostoma caninum", "Toxascaris leonina" tutur.

Alim əlavə edib ki, Azərbaycanda insan və heyvanların sahibsiz it və pişiklər tərəfindən qurdlarla yoluxma vəziyyəti zonalardan asılı olaraq, müxtəlif dərəcədədir. Çünki hər parazit qurdun inkişafı üçün optimal şəraitin (temperatur, işıq, nəmlik və s.) olması vacibdir.

Biologiya üzrə fəlsəfə doktoru bildirib ki, insanlar arasında yayılan parazit qurdlar ("Dipylidium caninum", "Dirofilaria repens", "Echinococcus granulosus", "Ancylostoma caninum", "Toxascaris leonina", "Uncinaria stenocephala" və s.) insanların dərisinin altında, göz qapaqları altında, ağız, burun boşluğunda, qara və ağciyərlərdə, bağırsaqlarda, beyində, toxumalarda yerləşərək orqanizmə ciddi zərər vurur.

R.İbrahimova qeyd edib ki, sahibsiz heyvanlardan insanlara keçən exinokokkoz qurdları insanın qarın boşluğuna, eləcə də ağciyərlərə və plevraya keçir:

“Bu hal insan həyatı üçün daha təhlükəlidir. Belə xəstələr cərrahiyyə əməliyyatı edilir ki, bu da 30%-ə qədər halda ölümlə nəticələnə bilər”.

Mütəxəssis əlavə edib ki, sahibsiz it və pişiklərdən keçən dirofilyarioz zamanı dərinin tamlığı pozulur. Bu zaman da insanlar əməliyyata məruz qalmalı olurlar: “Professor Rafiq Çobanov və digər müəlliflər tərəfindən qeyd edilib ki, Bakıda urbanizasiya ilə əlaqədar 1989-2008-ci illərdə əhali arasında patogen helmintlərin sayı 16 növdən 22 növə qədər artıb”.

R.İbrahimova əlavə edib ki, sahibsiz it və pişiklər ətraf mühiti nəcislərində olan təhlükəli parazit qurdların yumurtaları ilə çirkləndirərək parazitar çirklənmə yaradırlar:

“Parazit qurdlar ilin bütün fəsillərində sahibsiz it və pişiklər vasitəsilə təbiətdə dövr edir. Ona görə də daim yoluxma baş verir”.

R.İbrahimova bildirib ki, təsərüffatla məşğul olan insanlar, torpaqla oynayan uşaqlar sahibsiz it və pişiklər tərəfindən torpağa tökülmüş parazit qurdlarla asanlıqla yoluxurlar. Onun sözlərinə görə, insanların, xüsusilə uşaqların sahibsiz it və pişiklərlə yaxından təmasda olmasının qarşısı alınmalı və sanitariya qaydalarına ciddi əməl edilməlidir.

Mütəxəssis deyib ki, sahibsiz it və pişiklər gövşəyən ev heyvanlarını da exinokokkoz, senuroz, tenidiozla (Echinococcus granulosus, Multiceps multiceps, Taenia hydatigena) yoluxduraraq heyvanların bütün göstəricilər üzrə (ət, süd, yun, balavermə) məhsuldarlığını, keyfiyyətini aşağı salırlar. Parazitar xəstəliklər nəticəsində heyvanlar, xüsusən balalar tələf olur, sağ qalan heyvanlar isə arıqlayır, inkşafdan qalır.

Tədqiqatçının sözlərinə görə, heyvanların parazit qurd sürfələri ilə yoluxmuş daxili orqanların ətraf mühitə atılmasının qarşısı alınmalıdır. Çünki zərərsizləşdirilmədən ətrafa atılmış orqanlarla qidalanan sahibsiz it və pişiklər də parazit qurdlarla yoluxur və sonra isə onlar özləri təkrar insan və gövşəyən ev heyvanlarını bu qurdlara yoluxdururlar:

“Bunun qarşısının alınması üçün ilk növbədə, əsas yoluxma mənbəyi olan sahibsiz it və pişiklərə, onların yaratdıqları parazitar ocaqlara, epizootoloji və epidemioloji əhəmiyyət kəsb edən parazit qurdlara qarşı elmi əsaslara söykənən mübarizə tədbirləri hazırlanmalı və müvafiq qurumlar tərəfindən icra edilməlidir”. / Trend

Femida.az

Açar sözlər:

Oxunub: 535