Bu il 300-ə yaxın işsiz yol infrastruktur layihələrinə cəlb olunacaq


15:28     28 Yanvar 2019 19_01_28_1548676157.jpg

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2016-2018-ci illər ərzində 3 min nəfərə yaxın vətəndaş daimi iş yeri ilə təmin olunub.


Agentlikdən Femida.az-a verilən məlumata görə, 2018-ci ildə 615 nəfər vətəndaş daimi iş yeri ilə təmin olunub, 470 nəfər isə müqavilə əsasında yol tikintisi işlərinə cəlb edilib.

Cari ildə də daxili investisiya hesabına həyata keçirilən və keçiriləcək yeni yol infrastrukturu layihələrində çalışmaq üçün müqavilə ilə daha 300 nəfərə yaxın vətəndaşın işlə təmin olunması nəzərdə tutulur.

Yeni yol infrastrukturu layihələri aşağıdakılardır:

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu;

Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsi;

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Gəncə-Qazax-Qırmızı körpü hissəsi;

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara-İran sərhədi hissəsi;

Ucar-Zərdab-Ağcabədi avtomobil yolu;

Bəhramtəpə-Biləsuvar avtomobil yolu.

Sözügedən avtomobil yollarında həyata keçiriləcək yenidənqurma və tikinti işlərinə cəlb olunması üçün yolların keçdiyi rayonlar üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan yol fəhlələri və yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan vətəndaşlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətlərinə müraciət edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 323