Baş prokurorun keçmiş müavini 150 min manatlıq dələduzluqda ittiham edilir


16:25     28 Yanvar 2019 memur_ek_zam_alirsa_hava.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Femida.az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili cinayət işi ilə tanış olmadığını bildirib.

Vəkil cinayət materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses fevralın 1-dək təxirə salınıb.

Qeyd edək ki, ittiham aktına əsasən, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək, ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, M.Cəfərov hazırda Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərir. Həmçinin o, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncamına əsasən, Baş prokurorunun müavini təyin edilib. M.Cəfərov bir müddət bu vəzifədə çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 376