Fəaliyyətsiz ATƏT-də 27-ci il


11:52     30 Yanvar 2019 19_01_30_1548834776.jpg


ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - Organization for Security and Co-operation in Europe, OSCE) — 3-7 iyul 1973-cü il tarixlərində Helsinkidə keçirilmiş xarici işlər nazirlərinin müşavirəsi ilə başlamış prosesin davamı olaraq yaranmış regional təşkilatdır. Femida.az xəbər verir ki, bu gün Azərbaycanın ATƏT-ə üzv olmasından 27 il ötür.


ATƏT necə yarandı?

30 iyul - 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzaladılar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanırdı. Həmin dövrdən isə təşkilata çevrildi və ATƏT adlandırıldı. Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.

ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir.

Minsk qrupu

Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılıb. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.
1994-cü il dekabrın 5-6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edildi. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul olundu. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya (1995-1996) İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Təklifləri

1997-1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib.
Birinci təklif - Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" həlli idi. Bu təklif Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu.
İkinci təklif - 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tutulurdu.
Üçüncü təklif - 1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.
Nəticəsi - İndiyə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ATƏT   #OSCE   #siyasət   #Minsk   #Azərbaycan   #siyasət   #Qarabağ  

Oxunub: 1349