Prokuror narkotik alverində təqsirləndirilən qadına 9,6 il cəza istədi


21:51     30 Yanvar 2019 1398947325_mehkeme3.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Femida.az Trend-ə istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror Ş.Səmədovanın 9 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.

İttihama görə, Şəms Səmədova bir qrup şəxslə əlbir olmaqla narkotik vasitələrin qanunsuz satışında ittiham edilir. Digər şəxslər həbs edilən zaman narkotik maddələri Ş.Səmədovadan aldıqlarını bildiriblər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il mayın 18-də keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xeyli sayda güclü təsiredici psixotrop tərkibli həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Gəncə şəhər sakini Rövşən Zeynalov narkotik vasitə olan heroini şəhər ərazisində 100 manata satarkən cinayət başında yaxalanıb.



Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavad Qədimovdan 420 qram marixuana, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Müslümidən heroin və 295 qramdan artıq marixuana aşkar edilib.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə mayın 18-nə keçən gecə Şorəlli kəndindəki evlərin birindən 750 manat dəyərində televizor oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Elçin Səmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində onun yaşadığı evdən əlavə olaraq 345 qram marixuana aşkar edilərək götürülüb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Ağcabədi rayon sakini Tural Qasımovdan, Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babayevdən, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Əliyevdən və Nizami Mürsəlovdan narkotik vasitə olan heroin və "Metamfetamin" aşkar edilib.

Araşdırmalarla onların narkotiki əldə etdikləri mənbə də müəyyən edilib və narkotik vasitəni onlara satmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Şəms Səmədova da saxlanılıb. Ondan 44 qramdan artıq heroin, "Metamfetamin" və 70 ədəd "Tramadol" həbləri aşkar edilib. Ş.Səmədovanın bacısının evində keçirilən əməliyyat-axtarış tədbirləri ilə oradan əlavə olaraq 44 qram heroin, "Metafetamin" və "AMB-Fubinaca" adlı narkotik vasitə aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 372