Vəkillər Kollegiyası gənc hüquqşünaslara himayədarlığa başlayır


13:30     02 Fevral 2019 2019/02/anar_bagirovvv_1549100259.jpg


“Gənclər günündə gənc hüquqşünaslarla görüşmək bizim üçün önəmli idi. Vəkillər Kollegiyası son 1 ildə 500 nəfər gənc hüquqşünası vəkilliyə qəbul edib. Bu çox böyük rəqəmdir. Ötən il ümumi vəkil statusu alanların 82 faizi 20-40 yaş aralığında olan şəxslərdir. Bu da Azərbaycan vəkilliyinin gəncləşməsi deməkdir”.

Bu sözləri, Femida.az-a açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. 2 fevral Gənclər günü ilə əlaqədar gənc hüquqşünaslarla görüşən sədr bildirib ki, artıq gənc hüquqşünaslarla mütəmadi görüşlər keçiriləcək:

“Biz də gənclərlə görüşüb, onların vəkilliyə marağını artırmaq istəyirik. ELSA (Avropa Gənc Hüquqşünaslar Assosasiyası) ilə memorandum imzalamışıq. Gənclərlə bağlı treninqlər, seminarlar, konfranslar mütəmadi hal alacaq. Kollegiya üçün maraqlıdır ki, gənclər vəkilliyə üz tutsunlar. Sevinirik ki, getdikcə buna nail oluruq. Sovet dövründə gənclər prokuror, müstəntiq və digər hüquq-mühafizə orqanı əməkdaşı olmaq istəyirdisə, bu gün vəkil olmaq istəyənlərin sayı çoxalmaqdadır. Düzdür, qanunda bununla bağlı məhdudiyyət var. Çünki vəkil olmaq üçün 3 il staj tələb olunur. Biz ümid edirik ki, gələcəkdə bu müddət azalacaq. Hesab edirik ki, 1 staj müddəti məqsədəuyğundur. Çünki Azərbaycanda hələ də vəkillərin sayı azdır”.

A.Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası gənclərlə əməkdaşlığa xüsusi diqqət ayırır:

“İndi vəkil köməkçisi kimi fəaliyyət göstərən gənclərin sayı kifayət qədərdir. Bu onlar üçün önəmli təcrübədir. 22 fevral 2018-ci il tarixli Azərbaycanda Vəkilliyin inkişafı ilə bağlı Əlavə tədbirlər barədə cənab Prezidentin sərəncamında da Vəkillər Kollegiyasına tövsiyə edilir ki, öz üzvlərinin sayını gənc hüquqşünaslar hesabına artırılsın. Biz də çalışırıq ki, buna əməl edək. Gənclərlə bağlı planlarımız çoxdur. Silsilə təlimlər keçirəcəyik. Təlimçilər təcrübəli vəkillərimiz olacaq. Mövzuları da məhz gənclər özü seçəcək. Bundan başqa səhnələşdirilmiş məhkəmə yarışlarımız olacaq. Biz bu yarışlara himayədarlıq edirik. Qaliblər üçün xüsusi mükafatlar olacaq. Eyni zamanda gənclərin Vəkillər Kollegiyasının qurumlarında təcrübə keçməsi üçün planlarımız var. Bundan başqa regionlara səfərlərdə gəncləri də cəlb edəcəyik ki, pulsuz hüquqi yardım göstərilməsində onlar da iştirak etsinlər. Həmçinin özlərinin hər hansı təklifi olsa, bunu nəzərə alacağıq”.



Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #hüquq   #qanun   #femida   #Vəkillər_Kollegiyası   #hüquqşünas  

Oxunub: 3756