"Elə rayonlar var ki orada bir vəkil belə yoxdur" - Anar Bağırov


14:23     02 Fevral 2019 19_02_02_1549103001.jpg


"Elə rayonlar var ki orada 1 vəkil belə yoxdu. Bu rayonda hüquqi savadı olmayan adam necə məhkəməyə müraciət edə bilər. Belə olan halda o dövlətdən, dövlət qurumundan, vəkillərdən narazı qalır. Ona görə biz regionlarda vəkillərin sayını çoxaltmaq çalışırıq".

Femida.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. Onun sözlərinə görə, regionlarda son 1 il ərzində 11 vəkil qurumu yaradılıb:

"Bölgələrdə vəkillik qurumlarının mərkəzlərin açılmasına davam edəcəyik. Hazırda işlər gedir. Bundan başqa, hər həftə bölgələrə vəkillər gedir ki, orada vətəndaşlara pulsuz hüquqi məsləhət versin. Mən burada da bir məqama toxunmaq istərdim. Əvvəllər vəkilin 1 saat pulsuz hüquqi məsləhətinə görə, dövlət 2 manat pul ödəyirdi. Bu ağlabatan deyildi. Cənab Prezidentin sərəncamından sonra bu məbləğ 3 dəfə artırıldı. 6 manata çatdırıldı. Vəkil gün ərzində 8 saat xidmət göstərirsə, 50 manata yaxın pul qazanır deməkdir. Düzdür, bu məbləğ yenə də sizə az görünə bilər. Amma nəzərə alın ki, vəkil yalnız pulsuz hüquqi yardım göstərmir. Onun pullu xidmət göstərdiyi öz müştəriləri də olur. Çalışırıq ki, hər vəkili ayda maksimum 2 dəfə pulsuz hüquqi yardıma cəlb edək".

"Bizdə prokurorluq günü var, ədliyyə günü var, amma vəkillik günü yoxdur. Biz bu məsələni dövlət səviyyəsində qaldıracağıq. Düşünürəm ki, gələcəkdə Azərbaycanda vəkillər günü də təsis olunmalı və qeyd olunmalıdır", - deyə sədr qeyd edib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #qanun   #hüquq   #kollegiya   #sədr   #Anar_Bağırov   #rayon   #hüquqşünas  

Oxunub: 1528