20 nəfərlə başladı, 2.3 milyarda çatdı - “Facebook” 15 illiyini qeyd edir


12:10     04 Fevral 2019 19_02_04_1549267580.jpg

“Facebook” 15 il öncə bu gün - 4 fevral 2004-cü ildə Harvard Universitetinin tələbəsi Mark Zukerberq tərəfindən qurulub. Ona bu işdə tələbə yoldaşları Eduardo Saverin, Dastin Moskovits və Kris Hyuz kömək etmişdi. Hansı ki, onlar bu gün də korporasiyanın idarə heyətində yer alırlar. İlk dəfə onun cəmi 20 nəfər üzvü var idi.

Femida.az-ın məlumatına görə, Mark “facebook”-u qurmazdan əvvəl Harvard kampusundakı tələbələrin şəkillərinin qarşılaşdıran “facemash” saytını yaratmışdı. Bu saytda tələbələr hansı qızın daha gözəl olduğu ilə bağlı fikir bildirirdilər. Yeni sayt Harvard Universiteti tələbələrinin görüş yeri kimi hazırlanmışdı. Qısa müddət ərzində sayt böyük maraq toplamışdı.



Mark bu layihəsindən ilham alaraq “facebook” saytını Harvard Universiteti daxilində qurmağa başladı. Qısa vaxt ərzində tələbələr sayta böyük maraq göstərdi və beləcə şəbəkə Boston ətrafındakı universitetlərə yayılmağa başladı. Daha sonra Amerika universitetlərini özündə birləşdirən qapalı bir şəbəkəyə çevrildi. Bura yalnız həmin universitetlərdə oxuyan və universitetin e-mail adresləri ilə qeydiyyatdan keçmiş şəxslər daxil ola bilərdi. 11 sentyabr 2006-cı ildə isə “facebook” bütün e-mail adresləri üçün müəyyən yaş məhdudiyyəti ilə açıldı. Artıq 13 yaşdan yuxarı istənilən şəxs bu şəbəkəyə qoşula bilərdi.

2007-ci ildə “facebook” 34 milyon istifadəçiyə çatdı və dünyanın ən böyük tələbə şəbəkəsinə çevrildi. Həmin il dünyada ən çox girilən 7-ci sayt oldu.

Şəbəkənin sürətli inkişafı və məşhurluğu Markı universiteti tərk etməyə sövq etdi. Artıq Zukenberq daha böyük və qlobal layihələr haqqında düşünməyə başlamışdı. Qısa müddət ərzində milyonlarla insanın qeydiyyatdan keçdiyi facebook təbii ki, nəhəng şirkətlərin və investorların da diqqətini çəkməyə başladı. İlk təklif, “Viacom” tərəfindən 975 milyon dollar oldu. 2006-cı ilin sentyabrında “Yahoo” Zukenberqə 1 milyard dollar təklif etdi. Oktyabrda isə “YouTube”u satın alan “Google” “facebook”a 2,3 milyard dollar təklif göndərdi. Lakin, Mark ona edilmiş böyük həcmli təkliflərə baxmayaraq, saytı satmadı.



"Facebook" haqqında maraqlı faktlar
2012-ci ildə 1 milyarda çatan “facbeook” istifadəçilərinin sayı 2019-cu ildə 2.3 milyarda çatıb. Bu isə onu dünyanın ən böyük sosial şəbəkəsi edir. “Facebook” 2009-cu ildən bəri dünyada ən çox girilən 3-cü saytdır. Bu gün də bu şəbəkə ilk üçlükdəki yerini qoruyub saxlamaqdadır.
“Facebook”un əsasən mavi rəngdə olmasının səbəbi Mark Zukerberqin daltonik (rəng koru) olmasıdır. 2009-cu ildə fikirlərini oğurladığını iddia edən Winklevoss əkizləri Mark Zukerberqi məhkəməyə veriblər. Uzun sürən məhkəmə prosesini Mark qazanıb.
Bu gün Nyu York fond bazarında şirkətin bazar dəyəri 506 milyard dollar təşkil edir. 2018-ci ildə Zukerberqin sərvəti 71 milyard dollara çatıb və bu gün o, dünyanın 5-ci ən varlı adamıdır. 2016-cı ildəki araşdırmalara görə, Zukerberq gündə 4.4 milyon ABŞ dolları qazanır.
Sayt yarandığı gündən istifadəçilərə pulsuzdur. Hətta saytın girişində də yazılıb ki, “qeydiyyat pulsuzdur və həmişə belə olacaq”. “Facebook” plakatlardan, loqo reklamlarından və sponsorluq qruplarından gəlir əldə edir.

Azərbaycanda "Facebook"
"Facebook"un Azərbaycan dilinə tərcüməsi 2008-ci ilin yay aylarından başlanılıb. İlk vaxtlarda həvəskarların aktiv olduğu tərcümə prosesinə sonradan xaricdə yaşayan və təhsil alan gənclər də qoşuldular. 3 mərhələdən ibarət olan tərcümə prosesinin ilk mərhələsində yalnız lüğət tərcümə olundu və səsvermə nəticəsində lüğət qəbul olundu. İkinci mərhələdə "facebook"un özü tərcümə olundu. Artıq 2 oktyabr 2009-cu il tarixindən etibarən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir. İstifadəçilər Hesab Tənzimləmələrindən Dil bölməsində müvafiq olaraq Azərbaycan dilini seçməklə "facebook"u bu dildə istifadə edə bilərlər.
Hazırda Azərbaycanda aktiv "facebook" istifadəçilərinin sayı 1.73 milyon təşkil edir. Bunların 68.2%-ni (1.18 milyon) kişi, 31.8%-ni (0.55 milyon) qadınlar təşkil edir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #facebook   #sosial_şəbəkə   #Zukerberq   #ABŞ  

Oxunub: 954