50 min nəfərlik mühafizə dəstəsi, helikopter və snayper... 6 dəfə sui-qəsdlə üzləşən Putinin mühafizəsi necə təşkil olunur? +VİDEO


12:26     04 Fevral 2019 2019/02/putin-muha3_1549268833.png

Prezidentlər ölkələri idarə edən şəxslər olduqlarından onların həyatının təhlükəsizliyi mühüm məqamlardan biridir. Bu səbəbdən də ölkə rəhbərlərinin mühafizəsinə xeyli miqdarda pul xərclənir.


Femida.az Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mühafizəsinin necə təşkil olunması barədə araşdırma yazını təqdim edir:

Dünyanın ən çox mühafizə olunan rəhbərlərindən biri Rusiya Federasiyasının prezidenti Vladimir Putindir. Rəsmi qanunvericiliyə görə, Rusiya Prezidentinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəzislik Xidməti cavabdehdir. Qısaca olaraq FSB adlandırılan qurumun ümumi fəaliyyətinə Rusiya Federasiyasının Prezidenti rəhbərlik edir.


Putinin mühafizəçisi olmaq üçün hansı göstəricilərə malik olmalısan?


Femida.az xəbər verir ki, Rusiya prezidentinin mühafizə xidmətinin əməkdaşları xüsusi qaydada və tələb olunan mərhələni keçdikdən sonra seçilir. Bu sistemə düşmək olduqca çətin və uzun vaxt aparan bir prosesdir. Bu səbəbdən də Putini mühafizə edən şəxslər böyük miqdarda məvacib alır.


Putinin mühafizə xidmətinin rəisi kimdir?


Putinin mühafizəsinə uzun müddət Yevgeniy Murov başçılıq edib. 2016-cı ilin mayından etibarən onu Dmitriy Koçnyov əvəz edib. O, hazırda general-polkovnik hərbi rütbəsini daşıyır. Maraqlı məqamlardan biri də V.Putinin mühafizə xidmətinin hazırki rəhbəri Dmitriy Koçnyov barədə bütün informasiyaların gizli saxlanılmasıdır. Rusiya mətbuatı onun haqqında informasiya əldə etməyə çalışsa da, bu günə qədər buna nail ola bilməyib. Mətbuata yalnız onun 1984-2002-ci illərdə hüquq mühafizə orqanlarında çalışması barədə məlumat var.



Rusiya mətbuatının yazdığına görə, prezidentin mühafizəsinə rəhbərlik edən şəxslərə külli miqdarda pullar ayrılır. Misal üçün Yevgeniy Murovun 2017-ci ildə qazancı 17,9 milyon rubl olub.

Qeyd etdiyimiz kimi Rusiya Prezidentinin mühafizəsinə Federal Təhlükəsizlik Xidməti cavabdehlik daşıyır. Rəsmi məlumata görə, buranın əməkdaşlarının sayı 50 minə yaxındır. Bu rəqəmlə Vladimir Putin ən böyük mühafizə dəstəsinə malik prezidentlər sırasında dayanır. Rusiya qanunvericiliyə görə, 50 min nəfərlik mühafizə dəstəsi təkcə Vladimir Putini yox, keçmiş prezidentlər Mixail Qorbaçov və Boris Yeltsinin də təhlükəsizliyini həyata keçirir.


Putinin xüsusi mühafizə sisteminin sirri nədir?




(Putinin mühafizəçilərinin görüntüsü)

Rusiya prezidenti Vladimir Putinin ictimaiyyət üçün o qədər də açıqlanmayan xüsusi mühafizə sistemi də mövcuddur. Rəsmi dildə “şəxsiyyətlər”, əhali arasında isə “sivil insanlar” adlandırılan silahlı şəxslər adətən əhalinin toplu halında dayandığı məntəqələrdə yerləşir. Onları adi insanlardan seçmək mümkün deyil. Üzərilərində olan “Qryuza” tapançası 18 güllə tutur və ümumi çəkisi 995 qramdır. Xüsui hazırlanmış tapançadan 100 metrə qədər hədəfi vurmaq mümkündür.Tapançadan açılan güllə saniyədə 420 metr hərəkət sürətə malikdir. Xüsusi hazırlanmış tapançadan dəqiqədə 40 atış etmək mümkündür.

Putinin mühafizəsi üçün xüsusi olaraq hazırlanan “Qryuza” tapançası ilə bronjilet geyinmiş şəxsi belə 50 metr məsafədən zərərsizləşdirmək imkanına malikdir. Həmçinin 100 metr məsafədən avtomobilə də atəş açmaq mümkündür. Tapançanın həddindən artıq kiçik olması onu cibdə asan yerləşdirilməsini mümkün edir.



Putini mühafizə edən “qara adamlar” kimdir?


V. Putinin mühafizə dəstəsində “qara adamlar” adlandırıan xüsusi qrup mövcuddur. Onlar əsasən prezidentin korteji hərəkət edərkən gözə görünməyə başlayırlar. Bu qrupun əsas vəzifəsi Rusiya prezidenti hərəkət etdiyi istiqamətdə gizlin yerlərin mühafizəsi və təhlükəsizliyin təmin edilməsidir.Onlar qara geyimdə olduqları üçün qeyri-rəsmi dildə “qara adamlar” adlandırırlar. Putinin mühafizəsində mühüm yer tutan bu şəxslər silah və xüsusi mühafizə alətləri ilə təchiz olunub. Onlar əsasən AK-47 və AKC-74 Y avtomatından istifadə edir.

Putinin mühafizə dəstəsində əli çemodanlı şəxslər kimdir?

V.Putinin əhalinin sıx olduğu ərazilərə səfəri zamanı əlində çemodan olan şəxslərə rast gəlinir. İlk baxışda həmin şəxslərin diplomatik nümayəndələr olması ehtimalı yaranır. Amma əslində həmin şəxslər diplomatlar yox, məhz Putinin yaxın məsafədə mühafizəsini təmin edən şəxslər olur. Rusiya mətbuatı həmin şəxsləri “çemodanlı mühafizəçi” adlandırırlar.




(Putinin mühafizəsində istifadə olunan snayper)

Putinin mühafizəsində qara eynəkli şəxslərin sirri nədir?

Putinin mühafizə dəstəsində qara eynəyə sahib şəxslərə də xüsusi yer verilir. Həmin şəxslərin eynəkli olması heç də təsadüfi deyil. Onlar bu eynək vasitəsi ilə müşahidə apardıqları istiqaməti gizlədir və xüsusi optik şüşə ilə daha çox dərinliyi müşahidə edə bilirlər. Bu tip mühafizəçilər bir qayda olaraq xüsusi döyüş tapşırığı və fəndlərə sahib şəxslərdən ibarət olur. Bir qayda olaraq silahsız olan həmin şəxslər təhlükə yarandığı anda əlbəyaxa üsulla təhlükəli şəxsi zərərsizləşdirməyi öhdələrinə götürüb. Bu səbəbdən də eynəkli mühafizəçilər prezidentin bir addımlığında,yaxın məsafədə dayanır. Tələb olunan şərtlərdən biri də mühafizə ərəfəsində həmin şəxslərin danışmamasıdır. Onlar prezident hərkətdə olduğu müddətdə yalnız müşahidə aparmalı və lazım olduğu zamanda təhlükəli obyektə fiziki güc tətbiq etmək səlahiyyətlərinə qadirdir.

Putinin kortejində neçə avtomobil var?





Putinin şəxsi avtomobilinə külli miqdarda pullar xərclənib. Putin 7 may 2018-ci il tarixində keçirilən andiçmə mərasiminə ilk dəfə olaraq Aurus-41231SB «Сенат» avtomobilində gəlib.

Bahalı avtomobil dövlətin balansındadır və B775YC77 dövlət nömrə qeydiyyat nişanı ilə Moskva şəhərində rəsmiləşdirilib. Uzunluğu 6620 mm, eni – 2000 mm, hündürlüyü - 1695 mm olan avtomobil 598 at gücünə (439.83 kVt) malikdir. Putinin hərəkət etdiyi avtomobil xüsusi zirehə malikdir. Bu avtomobil hətta ən dağıdıcı silaha qarşı belə müqavimət sisteminə malikdir.Putin avtomobildə olmadığı müddətdə həmin mühafizə sistemi söndürülür.

Putin hərəkət edərkən onu xeyli sayda Mercedes-Benz G-klass markalı avtomobil, BMV və Ural markalı motosikletlər müşaiət edir.


Dünyanın ən çox qorunan prezidentinə süi-qəsd cəhdləri…




(Putinə hücum anları)

Ölkə rəhbərləri nə qədər ciddi qorunsalar da, sui-qəsdlərdən tamamilə sığortalanmayıblar. Təbii ki,Rusiya prezidenti Vladimir Putin də dəfələrlə bu cür hadisələrlə üz-üzə gəlib. Putinin mühafizəçisi Rusiya mətbuatına verdiyi müsahibəsində belə bir hadisəni qeyd edib:


-Cənab Putin xizək sürməyi çox xoşlayır.Bir dəfə xizək sürməyə gedərkən təsadüfən binanın dam hissəsində qarın altında gizlənmiş ağ örtükdə adamı aşkarladıq. Biz uzaqdan həmin obyekti müşahidə etməyə başladıq. O,uzun müddət hərəkətsiz qaldı.Daha sonra bildik ki, həmin şəxs snayperdir. Xüsusi əməliyyat vasitəsi ilə onu zərərsizləşdirdik.

Bakıda Putinə hazırlanan sui-qəsdin qarşısı necə alınıb?

Rusiyanın “5-ci kanal”ında yayımlanan Andrey Karaulovun müəllifi olduğu “Həqiqət anı” verilişində Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsdlərə yer ayrılıb.
Məlumata görə, Kremlin sahibinə rəsmi olaraq 6 dəfə sui-qəsdin təşkil olunub. Sui-qəsd yerlərindən biri kimi Bakı göstərilib. Verilişin Putinə qarşı Bakı sui-qəsdi hissəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (Karaulov Heydər Əliyevi “Azərbaycanın əfsanəvi prezidenti” olaraq təqdim edir) Rusiya mətbuatına verdiyi açıqlama da yer alıb. Müsahibədə Prezident Əliyev Putinə sui-qəsdə qarşı lazımi tədbirlərin görüldüyünü bildirib:
“Biz istəmirdik özümüzü reklam edək, ona görə də danışmırdıq. Onsuz da FSB bilirdi. Putinin Bakıya uçuşundan əvvəl onlar bilirdilər ki, biz tədbirlər görürük. Bizim nazir dedi ki, terrorun həyata keçirilməsinin qarşısını almaq üçün hansı işlər görülüb”.

Verilişdə həmçinin o dövrdə Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Namiq Abbasovun 2003-ci ildə verdiyi müsahibə də yayımlanıb. Abbasov çıxışı zamanı Putinə qarşı sui-qəsdi planlaşdıran terrorçu haqqında məlumat verib:




“Bu, Milli Təhlükəsizlik Nazirliyinin builki fəaliyyətində ən gərgin iş idi. Bu şəxs İraq vətəndaşı Kənan Əhməd Rüstəmdir. O, həm Əbdürrəhman Buxari, həm Əbusəid Kürdi, həm də Kənan Əhmədoviç Maqomedov idi. Bu ləqəblərlə o, terrorçular dünyasında məşhur idi. Bu şəxs Əfqanıstan və Çeçenistanda təlim keçmişdi. O, çeçenlərlə bir yerdə vuruşmuşdu. Dəqiq demək mümkün deyil ki, o, nə zaman Putinə qarşı sui-qəsd planını hazırlayıb. Bu şəxsdə çoxlu sayda partlayıcı maddələr vardı. Bu, çətin sistem idi. İndiyə qədər bizim mütəxəssislər əldə hazırlanan partlayıcı qurğular arasında beləsini görməmişdilər. Sözügedən şəxs bombanı yerləşdirərək onu telefon vasitəsilə partlatmağı planlaşdırırdı. O, Putini məhz Bakı səfəri zamanı qətlə yetirmək istəyirdi”.
Karaulov verilişdə Rüstəmin indiyə qədər Azərbaycanda, Bakının 42 kilometrliyində yerləşən həbsxanalardan birində saxlanıldığını da açıqlayıb.


Hazırladı: Miri Məcidli
Femida.az

Açar sözlər: #Rusiya   #Putin   #Putinin_mühafizəsi   #video   #prezident   #maraqlı_fakt   #femida   #Moskva   #prezidentə_sui_qəsd  

Oxunub: 3341