“Azercell” yenə müştərini aldatdı – “Daşınma” fırıldaqları


22:47     22 Oktyabr 2015 azercel.png

“Azercell” – in fırıldaqları ilə bağlı Femida.az-a yeni bir müraciət daxil olub. Adı çəkilən qurumun qeyri-qanuni fəaliyyətlərindən cana doyduğunu bildirən abonent bütün problemlərini bizə danışdı. İlkin Məmmədkərimov adlı bu şəxs “Azercell” tərəfindən aldadıldığını iddia edir.


Həmin müraciəti olduğu kimi oxucularımıza təqdim edirik:

“Deməli mən 30 iyul 2015-ci il tarixində 070 875 34 60 nömrəmi “Nar” - dan “Azercell” - ə Mobil Nömrə Daşınması Xidməti vasitəsilə daşımışam. Mənə zəng edib bildirmişdilər ki, bizim operatora daşınsanız, balansınıza nə qədər vəsait yükləsəniz, biz balansınızı ikiqat artıracıyıq. Məndə 30 iyulda daşınan kimi balansıma 3 AZN-lik danışıq kartı yüklədim, amma 2 qat artırılmadı balansım və mən 2002-yə yəni telefon mərkəzinə zəng edib dəqiqləşdirəndə mənə dedilər ki, o kampaniya sizin “Azercell“ - ə daşınmağınız üçün taktika idi. Yəni, “Azercell” məni axmaq yerinə qoydu. Üstəlik “Azercell” - in tarifləridə həddən artıq bahadır. Mən sadəcə olaraq, mənə edilən təklifə görə “Azercell” - ə daşınmışdım. Mobil danışıq tarifləri Azərbaycanda başqa dövlətlərlə müqayisədə azı 3 dəfə bahadır. Təklif ediəm ki, “Azercell” kimi soyğunçu şirkəti bağlayıb, həmin şirkətin yerinə bütün dünyada nüfuzlu “T-Mobile”, “Vodafone”, “Beeline”, “Orange”, “SFR”, “MTC” və s. kimi operatorları ölkəyə gətirsinlər. Hətta, “Azercell” - in fırıldaqlarını ölkə mediası ilə yanaşı qərb mediasıda işıqlandırır. Elə bir neçə gün qabaq nüfuzlu “The Financial Times”, “Bloomberg”, “The İndependent” kimi nəşrlərdə “Azercell”-in və “TeliaSonera”-nın korrupsiyada ittiham edilməsi vəziyyətin nə qədər ciddi olduğundan xəbər verir”.

Göründüyü kimi, vətəndaşın narazılığının kökündə onun “Azercell” mobil operatoru tərəfindən aldadıldığı iddiası dayanır. Bu hal təbii ki, istehlakçıları aldadılması, onların hüquqlarının pozulması faktıdır.

Bəs, bununla bağlı qanunvericilik nə deyir? İstehlakçıların aldadılmasına görə müvafiq hüquqi şəxslər hansı məsuliyyətə cəlb olunur?

Femida.az məsələ ilə bağlı hüquqşünas mövqeyini öyrənib.

Mövzu ilə bağlı Femida.az-a danışan hüquqşünas Anar Qasımlının fikrincə, bu kimi qanun pozuntuları ilə qarşılaşan vətəndaşlar pozulan hüquqlarını bərpa etmək üçün ilk növbədə məhkəmələrə müraciət etməlidir:

“Qeyd edim ki, istehlakçıların aldadılması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Məsuliyyətin həcmi isə istehlakçıların hansı səviyyədə aldadılmasından asılıdır. Yəni bu əməl həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb ola bilər. Əgər hansısa şirkətin təqdim etdiyi xidmətdə qüsurlar olarsa və vətəndaş bundan narazı qalırsa, nəticədə vətəndaş həm maddi, həm də mənəvi zərəri tələb etmək hüququna malikdir. Vətəndaş aldadıldığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət edə və öz hüquqlarını məhkəmədə müdafiə edə bilər”.

“Bu kimi hallar cinayət məsuliyyətinə səbəb olur” – deyə hüquqşünas Vüsal Orucov münasibət bildirdi:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən bu kimi hallar cinayət məsuliyyətinə səbəb olur. Keyfiyyətsiz məhsulları istehlakçılara təqdim edərək onları aldatmış firmalar 40 manatdan 500 manata qədər cərimə oluna bilər. Bu əməl zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq oluna bilər”.

Göründüyü kimi vətəndaşın hər hansı firma tərəfindən keyfiyyətsiz məhsul təklif edilərək aldadılması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.
Femida.az hüquq saytı olaraq ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin, firmaların vətəndaşlara keyfiyyətli məhsul təqdim etmələrini və onların istehlakçı hüquqlarını pozmamağa çağırırıq. Vətəndaşıarı isə agah edirik ki, bu kimi hallarla qarşılaşdıqda mütləq məhkəməyə müraciət etsinlər.

Femida.az

Açar sözlər:

Oxunub: 2871