“Sumqayıt camaatı”nın “əmiri”nin qardaşı Rusiyada həbs edildi


16:00     06 Aprel 2015 hebs89.jpg


"Talış Aqil"in qardaşı terrorçuları maliyyələşdirirmiş


Rusiya Federal Təhlükəsizlik xidməti Suriyada terrorçuları maliyyələşdirən azərbaycanlını həbs edib. 

Femida.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə
"Kommersant" qəzeti məlumat yayıb.


Qəzetdə Suriyada Bəşər Əsəd əleyhinə vuruşan silahlıların
maliyyələşdirilməsi ilə bağlı cinayət işinin təfərrüatları barədə dərc olunan
yazıda Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsinin yerli
sakini, milliyyətcə azərbaycanlı Qaçay Tağı oğlu Hacıyevə qarşı
"terrorçuların maliyyələşdirilməsi" maddəsi ilə cinayət işi başladığı
qeyd olunub.



İstintaqın versiyasına görə,
Qaçay Hacıyev alma satışından əldə etdiyi gəliri Suriyada vuruşan "Cund
əş-Şam" (“Böyük
 Suriyanın döyüşçüləri”) terrorçu qruplaşmasına
göndərib.



Qeyd edək ki, Lipetsk vilayəti
Prokurorluğu Federal Təhlükəsizlik Xidmətinin Lipetsk vilayəti üzrə İdarəsi bu
ilin fevralın 27-də beynəlxalq terrorçu təşkilata yardım edən şəxsin
zərərsizləşdirildiyi barədə məlumat yaymışdı. Həmin vaxt prokurorluğun mətbuat
xidməti FTX müstəntiqlərinin Rusiya vətəndaşına qarşı RF Cinayət Məcəlləsinin
1.205.1-ci (terrorçuların maliyyələşdirilməsi) maddəsi ilə cinayət işi
başlandığını elan etmişdi. İstintaq sirri olduğundan FTX və prokurorluq cinayət
məsuliyyətinə cəlb olunan şəxsin kimliyini açıqlamamışdı.



Məlum olub ki, terrorçulara
yardım edən şəxs Rusiya vətəndaşı Qaçay Hacıyevdir. Qohumlarının sözlərinə
görə, hüquq-mühafizə orqanlarının Q. Hacıyevi saxlaması gözlənilməz olub. Qaçay
Hacıyev fevralın 26-da işdən evə avtomobillə qayıdarkən FTX əməliyyatçıları
tərəfindən saxlanılıb. Daha sonra əməliyyatçılar onu evinə gətiriblər. Hacıyev
saxlanılandan 10 gün sonra ona qarşı rəsmi ittiham irəli sürülüb. Onun hazırda
Lipetskdə yerləşən müvəqqəti saxlanma təcridxanasında saxlanıldığı bildirilib.
Hacıyevin ailəsi isə qohumları tərəfindən Sankt-Peterburqa aparılıb.



Qaçay Hacıyevin birinci həyat
yoldaşı Viktoriya Babkina keçmiş ərinin terrorçuları maliyyələşdirdiyi barədə
məlumatın doğru olmadığını bildirib: "Qaçay heç də böyük iş adamı deyil.
O, anbardan maşınla meyvə alıb, bazarda həmin meyvəni satırdı. İstintaq iddia
edir ki, Qaçayın qazandığı pullar Türkiyəyə, ordan isə Suriyadakı terrorçulara
göndərilib. Əslində Qaçay
 Suriyada
yaşayan qardaşına və onun ailəsinə kömək edirdi.
 Suriyada Qaçayın qardaşından başqa
Suğra adlı bacısı da yaşayır. Suğranın azərbaycanlı əri həlak olub. Qaçay ona
da kömək edirdi. O, təkcə
 Suriyaya
deyil, Azərbaycanda və Rusiyada yaşayan qohumlarına da pul göndərirdi".



Viktoriya Babkinanın sözlərinə
görə, Qaçayın qardaşı Aqil bir il əvvəl
 Suriyada
itkin düşüb: "Aqil ailəsi ilə birlikdə
 Suriyada
döyüşlərin getdiyi yerdə yaşayırdı. Qaçay qardaşı Aqil haqqında danışarkən onun
inanclı bir insan olduğunu, dörd uşağından başqa,
 Suriyada olan ikinci evliliyindən olan
iki uşağına baxdığını söyləyirdi".



Qeyd edək ki, APA keçən ilin aprelində
“Cund-əş-Şam’’ silahlı qruplaşmasının tərkibində vuruşan “Sumqayıt camaatı”nın
əmiri, “Talış Aqil” ləqəbli Aqil Hacıyevin itkin düşdüyü barədə məlumat
yaymışdı. Məlumatda Aqil Hacıyevin “Əl-Nüsra Cəbhəsi” silahlı qruplaşma üzvləri
tərəfindən tutulduğu və şəriət qanunları ilə barəsində edam hökmü çıxarıldığı
qeyd olunmuşdu. Onun aqibəti məlum deyil.



Onu da qeyd edək ki, Hacıyev
qardaşları Lənkəran rayonunun Boladi kəndində doğulublar. Sumqayıtda xəvarici
dini təriqətinin üzvü olan bir xanımla ailə quran A. Hacıyev bir neçə il əvvəl
ailəsini də götürərək
 Suriyaya
gedib. 



Femida.az



 

Açar sözlər:

Oxunub: 1052