Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb

Qənirə Paşayeva şəhid ailələri ilə görüşüb


15:24     06 Fevral 2019 2019/02/51100906_1851794394932591_4992944557281771520_n_1549452253.jpg

Millət vəkili Qənirə Paşayeva Qovlarda şəhid ailələri ilə görüşüb


Femida.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuzun Qovlar şəhərində şəhid ailələri ilə görüşüb. Qovlar şəhərinin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə millət vəkili Q.Paşayeva şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı deyib.

Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Q.Paşayeva "hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz" ifadəsini işlədib.

Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısından danışan millət vəkili Q.Paşayeva Prezident İlham Əliyevin şəhid ailələri ilə keçirdiyi görüş, bu görüşün bütün məmurlara, millət vəkillərinə, hər bir vətəndaşımıza şəhid ailələrimizə münasibət necə olmalıdır deyə çox gözəl örnək olmasını xüsusi vurğulayıb. Millət vəkili bildirib ki, şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə cənab Prezidentin birdəfəlik ödəmənin bütün şəhid ailələrinə verilməsi haqqında Fərmanı, şəhid ailəsi üçün Prezident təqaüdünün aylıq məbləği artırılaraq 300 manat müəyyən edilməsi haqqında Fərmanı, şəhid ailələrinin mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişləri dövlətimizin və dövlət başçımızın şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir.

"Biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər" deyən millət vəkili Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyərək. bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

“Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi”, – deyən millət vəkili Q.Paşayeva “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”, – deyib.

Şəhid ailələri cənab Prezidentə onları hər zaman diqqətdə saxladığı üçün təşəkkürlərini bildiriblər və cənab Prezidentin birdəfəlik ödəmənin bütün şəhid ailələrinə şamil edilməsi, şəhid ailələrinə ayrılan Prezident təqaüdünün artırılması haqqında imzaladığı son fərmanlarından və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi göstərişlərdən çox böyük məmnuniyyət duyduqlarını qeyd ediblər.

Şəhid ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva hər bir şəhid ailəsini ayrılıqda da dinləyib, onların qayğıları ilə maraqlanıb, onları maraqlandıran və narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb.

Femida.az

Açar sözlər:

Oxunub: 288