Xüsusi ağır cinayət əməllərinə görə 29 nəfər həbs edilib - Son 1 ildə


18:19     07 Fevral 2019 hebs5.jpg


Ötən il xüsusilə ağır cinayət əməlləri törətdiyinə görə 29 nəfər həbs edilib.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, bu barədə fevralın 7-də Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2018-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında Baş prokuror Zakir Qaralov bildirib.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində respublikada böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı müvəffəqiyyətlə aparılması diqqətə çatdırılıb. Bu işlər sırasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror aktı, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə 29 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilmiş, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunmaqla hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla əlaqəli şəkildə Silahlı Qüvvələrdə cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Baş prokuror bildirmişdir ki, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər daha səmərəli olmuş, 2017-ci illə müqayisədə ötən il törədilmiş hərbi xidmət əleyhinə cinayətlər və qeyri-hərbi cinayətlər əhəmiyyətli dərəcədə azalmışdır.

Xüsusi olaraq, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs barədə Cinayət Məcəlləsinin dövlətə xəyanət və digər maddələri ilə ibtidai istintaqı aparılmış cinayət işi qeyd edilməklə, uğurla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının təxribat və terror fəaliyyətinin qarşısının alındığı, cinayət işi üzrə ibtidai istintaqın tamamlanaraq baxılması üçün müvafiq hərbi məhkəməyə göndərildiyi və həmin işlər üzrə cinayət məsuliyyətinə cəlb edilmiş bütün şəxslərin təqsirli bilinərək layiqli cəzalara məhkum edilmələri diqqətə çatdırılmışdır.

Femida.az

Açar sözlər:

Oxunub: 410