Zəlzələnin gətirdiyi psixoloji sarsıntı - Uşaqları necə qoruyaq?

Zəlzələnin gətirdiyi psixoloji sarsıntı - Uşaqları necə qoruyaq?


18:20     08 Fevral 2019 19_02_08_1549629604.jpg


Xəbər verdiyimiz kimi, Azərbaycanda dünən axşam 4,4 və 6 maqnituda gücündə ardıcıl iki zəlzələ baş verib. Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilən 30 nəfərdən yalnız üçünə travmatoloji diaqnoz qoyulub. Digər yaralılar zəlzələ zamanı güclü qorxu yaşayıblar. Hadisə zamanı bir nəfər cavan adamın həyəcandan dili tutulub. 58 yaşlı digər bir xəstənin isə həyəcandan beyninə qan sızıb.

Təcrübə göstərir ki, zəlzələ zamanı adətən dərin travma alanların əksəriyyəti azyaşlılar olur.

Zəlzələ və bu kimi təbii fəlakətlərin psixikada dərin iz salmaması üçün nə etməli, necə hazırlaşmalı?

Femida.az z medicina.az-a istinadən bildirir ki, psixoloq Zeynəb Əyyubovanın dediyinə görə, bu məqamlar üçün əvvəlcədən güclü maarifləndirmə şərtdir: "Ümumiyyətlə, bütün fövqəladə vəziyyətlərin insan zehninə təsiri fərdə görə dəyişir. Bir insan hər hansı fəlakətə neytral baxa bilər, başqa biri isə əksinə, sarsıntı yaşaya bilər. Yəni hər bir insanın alqısı müxtəlifdir.

Dünənki zəlzələdən sonra sosial şəbəkələrdə yayılan təşviş dolu yazılar insanları daha çox vahiməyə salırdı, nəinki hadisənin özü. Burdan belə nəticəyə gəlmək olar ki, insanlar ajiotajlı vəziyyətə hazır deyillər. Hansısa bir təbii hadisə zamanı insanların nə edəcəkləri ilə bağlı güclü maarifləndirmə getməlidir. Bu maarifləndirmə məktəblərdə, universitetlərdə kütləvi şəkildə olmalıdır ki, insan necə rəftar etməli olduğunu qabaqcadan bilsin. Məktəblərdə psixoloqlar bu işlə xüsusi məşğul olmalıdırlar. Çünki insan doğuşdan həyəcanlı və fobiyalı olmur. Fobiyalar onların yaşadıqları hadisələrin beyinlərində buraxdığı izlər nəticəsində yaranır. Ona görə də insan özünün nəyə fobiyası olduğunu qabaqcadan bilməlidir. Belə olduqda hadisə zamanı insan daha kontrollu davranacaq və təşvişə düşməyəcək".

Bu cür hadisələrin uşaqların psixologiyasına daha güclü təsir göstərdiyini vurğulayan psixoloq onları qorumağın valideynin vəzifəsi olduğunu deyib:

"Uşaqlarda yaranan təşviş və qorxu valideynlərdən dolayı yaranır. Çünki zəlzələ tipli təbii fəlakətlər uşaqların anlayacağı təbii hadisələrdən deyil. Uşaqlar hadisəyə sadəcə olaraq valideynlərin pəncərəsindən baxırlar. Uşaq görsə ki, ana qışqırır, ata həyəcanlıdır, nənə-babanın təzyiqi qalxıb, o zaman o da gördüyünü təqlid edir. Burada əsas vəzifə valideynin üzərinə düşür, yəni uşağın hadisələrə baxışını valideyn formalaşdırır. Valideyn hadisə zamanı nə qədər soyuqqanlı və tədbirli davranarsa, uşaq da sakit və rahat olacaq.

Bəzi uşaqlar var ki, onlar valideynlərindən asılı olmayaraq kiçik bir hadisə olan kimi qorxuya düşərək həyəcanlanırlar. Bu cür uşaqlar hətta məktəb summativlərindən iki qiymət aldıqları zaman da təşvişə düşürlər. Bu uşaqların yardım almaq üçün psixoloqa müraciət etmələri yaxşı olardı".

Açar sözlər:

Oxunub: 186