Konstitusiya Məhkəməsindən kreditlərlə bağlı qərar


15:37     16 May 2015 konstitusiya%20mehk%20sok%20qerar.jpg

Konstitusiya Məhkəməsi kredit borclarının hansı məzənnə ilə qaytarılması barədə qərar qəbul edib.

Məhkəmə Plenumu Mülki Məcəllənin maddələrinin Konstitusiya ilə ziddiyyət təşkil etmədiyi qənaətinə gəlib.

Femida.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair müzakirə aparılıb və qərar qəbul edilib.

Qeyd edək ki, fevralın 21-də Mərkəzi Bankın manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərarı kredit borclarının hansı məzənnə ilə qaytarılmasına dair bir sıra suallar yaradıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulub.

Konstitusiya Məhkəməsinin qərarına görə, Mülki Məcəllənin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin (ölkə ərazisində manatdan başqa digər pul vahidlərinin məhz ödəniş vasitəsi kimi işlədilməsini qadağan edir) tələbləri ilə ziddiyyət təşkil etmir.

Çünki Konstitusiyasının 19-cu maddəsinin III hissəsi “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur.

Həmçinin Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.

Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

Mülki Məcəllənin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.

Konstitusiya Məhkəməsi həmçinin əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edib.

Açar sözlər:

Oxunub: 480