Firudin Qurbanov Çex səfiri ilə görüşüb


10:10     11 Fevral 2019 2019/02/DSC_0-1549864521_1549865775.jpg

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekertlə görüşüb.


BDU-nun Mətbuat və informasiya şöbəsindən Femida.az-a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrə toxunan F.Qurbanov mövcud əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından keçən müddət ərzində ikitərəfli münasibətlərdə böyük nəticələr əldə edildiyini bildirib.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Çex Respublikasının Təhsil, Gənclər və İdman Nazirliyi arasında qurulan əlaqələri qeyd edən F.Qurbanov, eyni zamanda, Bakı Dövlət Universiteti ilə Çexiya universitetlərinin əməkdaşlıq əlaqələrinə də diqqət çəkib. BDU-nun Çexiyanın Masarik Universiteti, Kimya Texnologiyaları Ali Məktəbi, Palaski Universiteti və Karlov Universiteti ilə əməkdaşlıq etdiyini, bu ali təhsil müəssisələri ilə imzalanmış layihələrin nəticəsi olaraq tələbə-müəllim mübadiləsinin həyata keçirildiyini qeyd edən F.Qurbanov, 1960-cı illərdən etibarən iki ölkə universitetləri arasında təşkil olunan və əsasən təbiət fakültələrinin müəllim-tələbələrinin iştirak etdikləri yay məktəbləri ənənəsinin də davam etdiyini vurğulayıb.

BDU ilə Çexiyanın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında maraqlı olduğunu bildirən F.Qurbanov, ikili diplom, akademik mübadilə, elmi tədqiqatların birgə aparılmasının vacibliyini qeyd edib.

Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Ekert, öz növbəsində, xoş qarşılanmaya görə minnətdarlığını bildirib. Azərbaycan-Çexiya münasibətlərinin yüksək səviyyədə olduğundan razılıq ifadə edərək, ali təhsil müəssisələrimiz arasında ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Səfir ikili diplom, Çexiyada təhsil almaq, tədqiqat aparmaq istəyən tələbələr üçün viza prosedurunun sadələşdirilməsi, mədəniyyət, elm və tədqiqat sahələrində gənclərin mübadiləsi və qarşılıqlı əməkdaşlıq kimi layihələrə dəstək verən Beynəlxaq Viseqrad Fondu ilə əməkdaşlıq kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 423