İran İnqilabının 40 ili - Şah qaçdı, molla rejimi hakimiyyətə gəldi (FOTOLAR)


11:31     11 Fevral 2019 2019/02/iran_islam_8_1549869978.jpg


11 fevral 1979-cu ildə İran inqilabı başa çatdı. Bu İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn inqilab oldu. İnqilab nəticəsində İranda Ruhullah Musəvi Xomeyni öndərliyində islam respublikası yaradıldı və şiəlik dövlət səviyyəsinə qaldırıldı. İran İslam İnqilabının baş verməsinin səbəbləri arasında şahın hərəkətlərinin xalqda böyük qəzəbə səbəb olması və son zamanlar Məhəmməd Rza Pəhləvinin ABŞ-la çox isti münasibətlərə malik olması göstərilir. İranda şəriət üsulu ilə idarə olunan rejim yaradılmasının ən çox mollalar tələb edirdilər.

Kütlə partlayışı

1979-cu il inqilabını onun kütləviliyi və dərinliyi İranda tarixi boyu görünməmişdi. İnqilabın taleyi faktiki olaraq milli, fəhlə, qadın, tələbə, kəndli, əsgər şuralarının yayılması və gəlişməsindən asılı idi. Əvvəllər passiv olan kütlələr milli, cinsi, sinfi və başqa haqlar uğrunda birləşirdilər. İşsizlər iş tələb edirdi, tələbələr təhsilin azad olmasını istəyirdi və sairə.

Sosial məqsədlərinə görə bu inqilab şahın “Ağ inqilabı”na və onun 70-ci illərdə doğurduğu iqtisadi böhrana qarşı olan bir üsyan idi. İnqilabi dövrün vacib əlamətlərindən biri kəndlilər tərəfindən ən iri mülkədarların torpaqlarının müsadirəsi, kəndli komitələri tərəfindən torpaqların müstəqil bölüşdürülməsi, kəndli kooperativlərinin təsis olunması, sələmçi və möhtəkirlərlə bütün əlaqələrin qırılması idi.
Demokratik məqsədlərinə görə isə İran tarixində olan bütün ictimai narazılğın mərkəzində həmişə demokratik hüquqların tələbi durub. Fevral üsyanı 80 il ərzində uğrunda aparılan bu tələblərin bir çoxunun əldə edilməsi ilə yadda qaldı. İlk dəfə olaraq geniş kütlələr insan haqlarının elementləri olan, azad seçki, azad mətbuat, məmuru seçmək hüququ, tətil etmək, nümayiş etmək, siyasi təşkilat yaratmaq hüququ əldə etdilər. Lakin bütün bu nailiyyətlər yeni rejim tərəfindən ən qəddar formada ləğv olundu. Onlar İslam konstitusiyasında öz əksini belə tapmadı.



İnqilabın nəticələri

Bütün qüsurlarına baxmayaraq, şah rejiminə və əksinqilaba qarşı ən ardıcıl və inadlı mübarizə mərkəzi olan şuralar indi demək olar ki, tamamilə darmadağın olub. Bu hadisələr şah rejiminin devrilməsindən sonrakı inqilabi dinamikanı əks etdirirdi. Ancaq bu nailiyyətlərdən heç birini qorumaq mümkün olmadı. Bu gün heç bir sosial təbəqə bu “inqilabın” nəticəsində nəsə əldə edə bildiyini hiss etmir. Hətta kütlələrin ən əsas nailiyyətləri olan iş həftəsinin qısaldılması, minimal əməkhaqqı, sosial təminatların təkmilləşmiş sistemi, kasıblar üçün yaşayış yerləri ləğv edilib. Bunun əvəzinə isə qarşısıalınmaz inflyasiya, kütləvi işsizlik və evsizlik, kəndlilərin şəhərlərə axınının indiyə kimi görünməyən miqyası, uzadılmış iş həftəsi və sairə. İqtisadi kasıblığın səviyyəsi hətta, əvvəlki üç onilliklə müqayisədə belə görünməyən miqyas alıb.

İranın indiki durumundan, aydındır ki, kütləvi inqilabi hərəkat yatdı, qarşısını almağa qadir olmadığı əksinqilab isə rekonstruksiya olunan və daha da güclənən burjua dövlətə arxalanaraq hakimiyyəti tamamilə ələ keçirə bildi.



İranda bir “hüquq” tam və şərtsiz olaraq qəbul olunur-molla teokratiyasına tam və şərtsiz tabe olmaq hüququ. İndiki quruluş hakimiyyət sükanının arxasında olan burjua qruplaşmalara, hətta insanların şəxsi həyatına müdaxilə etmək imkanı da yaradır. İnsanlar nəyə inanmalıdır, nə geyməlidir, nə yeməlidir və nə içməlidir bütün bunlar ciddi surətdə dövlət tərəfindən tənzimlənir və nəzarət olunur. Bir sözlə İran inqilabının əsas məqsədi - insanların elementar hüquqlarının təmin olunması məsələsi, həll olunmamış olaraq qalır.

Xalqın suverenliyi əvəzinə Mühafizlər Şurası istədiyi anda İslama zidd olan istənilən qərarı ləğv edə bilər. Əslində İran son 100 ildə indiki kimi antidemokratik idarə olunmayıb. Şübhəsiz ki, molla rejimi istənilən kapitalist rejimindən daha qəddar bir rejimdir, bunu İran da qadınlara qarşı olan münasibətdə aydın görmək olar.



İran İnqilabı və Cənubi Azərbaycan
70-ci illərin sonunda İranda Azərbaycan məsələsinin həllini tələb edən qüvvələr zəhmətkeşlərin marağını təmsil edən sollar və xırda burjuaziyaya mənsub solçu demokrat təşkilatlar idi. 1977-ci ilin payızından Cənubi Azərbaycanda tələbə və şagirdlərin nümayişləri başlandı. 1978-ci ilin yanvarında Qumdakı çıxışlarda artıq şah rejiminin ləğv edilməsi tələb edilirdi. Təbrizdə Şəriətmədarinin çağırışı ilə dini başçıların müraciəti əhalini üsyana qaldırdı. Bu üsyanda 100 min nəfər iştirak etdi. Ordu yeridilməsinə baxmayaraq, üsyan ertəsi gün də davam etdi.

Təbrizdəki cəza tədbirlərinə cavab olaraq Yəzd, Çöhrəm, Tehran, Qum, Zəncan və b. şəhərlərdə çıxışlar oldu. Həmin gündən başlayaraq mitinq və nümayişlər İranın demək olar ki, bütün iri şəhərlərini bürüdü. Xaricdə olan Ayətullah Xomeyni Təbriz əhalisinə müraciət göndərdi. Artıq Təbriz üsyanı bütün İranda baş verəcək inqilabın başlanğıcı hesab edilirdi.



Sentyabrdan inqilabın 2-ci mərhələsi başlandı. Bütün sosial təbəqələr hərəkata qoşuldu. 1978-ci il dekabrın 30-da təbrizlilər yenidən nümayişə başladılar. Şah 1979-cu il yanvarın 16-da İrandan qaçdı. Yanvarın 19-dan isə nümayişlər «Allahu əkbər, Xomeyni rəhbər» şüarı ilə keçirilirdi. 1979-cu il fevralın 1-də A.Xomeyninin Parisdən Tehrana gəlməsi münasibətilə Təbrizdə nümayişlər geniş vüsət aldı. Fevralın 11-də nümayişçilər gülləbaran edildilər. Nümayişçilər də polis qüvvələrinə hücum etdilər. Xeyli insan həlak oldu.

Fevralın 11-də paytaxtda şah tərəfdarları üzərində qələbə çalınmasına baxmayaraq, əksinqilabi qüvvələr xüsusən, Təbrizdə müqavimət göstərirdilər. Lakin fevralın 16-da Azərbaycanın başqa şəhərlərində də şahpərəst qüvvələr zərərsizləşdirildi, nəzarət xalqın əlinə keçdi. 1978-79-cu illərin İran inqilabı dövründə azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər. Şahlıq üsul-idarəsi devrildi. 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan edildi.



Əsas siyasi və sosial qüvvələr şahlığın devrilməsindən sonra 2-ci mərhələni - milli-demokratik istiqamətdə inkişafı gözləyirdilər. Milli məsələnin ədalətli həlli gözlənilirdi. Lakin reallıq əksinə oldu. İranda 1979-cu il dekabrın 2-3-də İran İslam Respublikası Konstitusiyanı qəbul etmək üçün referendum keçirdi. «Millətin hüququ» adlı III fəslin 19-cu maddəsində deyilirdi: «İran xalqı hansı etnik qrup və qəbilədən olmasından asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük vermir», 15-ci maddədə isə deyilirdi: «İran xalqının rəsmi müştərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi, mətbuat, kütləvi informasiya vasitələrində və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır».

Bu gün də 30 milyon soydaşımızın hüquqları tapdalanır.







Femida.az

Açar sözlər: #İran   #islam   #inqilab   #Azərbaycan   #şah   #Xomneyi   #üsyan   #dünya   #siyasət  

Oxunub: 3142