Qonşunun pəncərəsi sizin həyətə baxırsa - Şikayət etmək OLARMI?

Qonşunun pəncərəsi sizin həyətə baxırsa - Şikayət etmək OLARMI?


12:31     12 Fevral 2019 19_02_12_1549959951.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumuz narazı qonşular barəsindədir.

Yaşayış evi tikilirsə, evin pəncərəsi qonşunun həyətinə baxırsa, bu qanuna ziddirmi? Həmin qonşu şikayətçi ola bilərmi?

Bu sual yeni fərdi yaşayış evi tikən bir çox vətəndaşı narahat edir.

Qeyd edək ki, analoji məsələlər Azərbaycan Respublikasının Şəhərsalma Və Tikinti Məcəlləsi əsasında tənzimlənir.

Əvvəlcə gəlin baxaq qanunvericiliyə görə, qonşu kim sayılır?

Məcəllənin 3-cü maddəsinə görə, yaxın qonşular tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləri sayılır. Qonşular isə tikinti ərazisinin yaxınlığında mülkiyyətində, icarəsində və ya istifadəsində torpaq sahəsi olan və tikinti nəticəsində qanunla qorunan maraqlarına toxunulan şəxslərdir.

Bu məcəllənin 20-ci maddəsində göstərilir ki, qonşu inzibati ərazi vahidlərinin ərazi planlaşdırılması sənədləri bir-birilə razılaşdırılmaqla hazırlanmalıdır. Razılaşdırma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.



İndi isə yuxarıda qeyd olunan suala aydınlıq gətirək:

Vətəndaş evi tikməzdən öncə onun planını hazırlatmalıdır və İcra Hakimiyyətinin müvafiq şöbəsində təsdiq etdirməlidir. Belə olan halda qonşu heç bir halda pəncərənin onun həyətinə baxmasına mane ola bilməz. Üstəlik, sırf bu məsələ ilə bağlı qanunda hər hansı müddəa yoxdur. Çünki qonşuluqda yerləşən həyətyanı fərdi yaşayış evlərinin pəncərələrinin bir-birinin həyətyanı sahələrinə açılması İnşaat Norma və Qaydalarında normalaşdırılmayıb.

Mülki Məcəllənin 170-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Öz mülkiyyətindən maneəsiz istifadə hüququna malik olduğundan, öz mülkiyyətində olan torpaq sahəsində yerləşən evdə vətəndaşın İnşaat Norma və Qaydalarına uyğun olaraq istədiyi əlavələri və dəyişiklikləri etmək hüququ vardır.

Düzdür, sual yarana bilər ki, bu gün Bakıətrafı bir çox qəsəbələrdə tikilən fərdi yaşayış evlərinin həyətyanı sahəsi çox kiçik olur. Belə olduqda isə qonşu evlər arasındakı sıxlıq da artır və pəncərədən qonşunun həyəti asanlıqla görünür. Amma nəzərə almaq lazmdır ki, bu gün həyət evlərinin yanında hündürmərtəbəli binalar tikilir və onların pəncərələrindən yaxınlıqdakı bütün həyətlər görünür. Odur ki, vətəndaş evi tikinti normalarına uyğun tikibsə, heç bir qonşunun öz həyətinə tərəf açılan pəncərə üçün qadağa qoydurmaq hüququ yoxdur.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #qanun   #hüquq   #hüquqi_maarifləndirmə   #məcəllə   #tikinti   #ev   #həyət   #qonşu   #femida  

Oxunub: 2542