Himni farağat halda, yoxsa əlimiz ürəyimizdə oxumalıyıq?

Himni farağat halda, yoxsa əlimiz ürəyimizdə oxumalıyıq?


17:38     12 Fevral 2019 19_02_12_1549977484.jpg

Parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” və “Azərbaycan Respublikasının Dövlət himninin istifadəsi qaydaları haqqında” qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.


Femida.az xəbər verir ki, “Azərbaycan Respublikasının Dövlət gerbinin istifadəsi qaydaları haqqında” qanun layihəsində dövlət gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşdirilib.

Qanun layihəsində qeyd olunur ki, dövlət gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Bununla yanaşı, sənəddə göstərilir ki, dövlət gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır.

Qanun layihəsinə əsasən, tələbləri pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, dövlət gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

“Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsi dövlət himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.
Qanun layihəsinin 6-cı (Dövlət himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər) maddəsinə əsasən, dövlət himni orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsullarla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitələrindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Qanun layihəsinin müzakirəsində çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, himn oxunarkən hansı vəziyyətdə dayanmaq lazım olduğu bu dəyişikliklərdə əks olunmayıb: “Biz bilməliyik ki, himn oxunanda onu ayaq üstə farağat vəziyyətində yoxsa əlimizi ürəyimizin üstünə tutub dayanmalıyıq. Və yaxud himn ifa olunursa, o, hamının dilindən səsləndirilməlidirmi? Bu məsələlərə aydınlıq gətirmək lazımdır”.

Deputat Gövhər Baxşəliyeva isə himndə partitura sözünün çıxarılmasını təklif edib. O qeyd edib ki, bu anlayış orkestr ifasında işlənilir və onun himnə aidiyyatı yoxdur.

Qanun layihələri ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Açar sözlər:

Oxunub: 216