Abort zamanı baş verən ölümlə bağlı cinayət işi açıldı


10:46     14 Fevral 2019 klinika.jpg


Göyçay Rayon Mərkəzi Xəstəxanasında qadının abort zamanı qanaxmadan ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.


Hüquq-mühafizə orqanlarından Femida.az-a verilən məlumatda bildirilir ki, fevralın 12-də Astara rayonunun Siyaku kənd sakini, 1990-cı il təvəllüdlü Nurlanə Əlikişi qızı Əliyevanın Göyçay Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsində ölməsi ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində meyitə baxış keçirib, zəruri olan sənədlərin surəti götürülüb, ölümün səbəbinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, N.Əliyeva həyat yoldaşının Göyçayda çoban işləməsi məqsədi ilə rayonun Qaraməryəm kəndinə köçüb, fevralın 11-də hamilə olduğu üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına qəbul edilib. Qadının hamiləliyi müəyyən olunduqdan sonra o həmin gecəni xəstəxanada qalıb, fevralın 12-də abortdan sonra qanaxmadan dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Femida.az

Açar sözlər: #Göyçay   #abort   #ölüm  

Oxunub: 587