Fikrət Məmmədov iclas keçirdi - TƏCİLİ


17:24     23 Oktyabr 2015 1444628802561b494288e23.jpg

Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışında hakimlər tərəfindən yol verilən xarakterik nöqsanlara toxunub


Azərbaycan Məhkəmə-Hüquq Şurasının hakim assosiasiyaları rəhbərlərinin və hakimlərin iştirakı ilə geniş iclası keçirilib. Bu barədə Femida.az-a Şuradan məlumat verilib.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov iclasda çıxış edərək dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın intensiv inkişaf etdiyini, ictimai həyatın bütün sahələrində möhtəşəm nailiyyətlərin qazanıldığını bildirib. Qeyd olunub ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər, xüsusən də əhalinin məhkəmələrə əlçatanlığının yaxşılaşdırılması, bu məqsədlə yeni məhkəmələrin yaradılması, habelə məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi ədalət mühakiməsinin səmərəliliyinə əsaslı təsir göstərib.
İclasda məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu vurğulanaraq bu sahədə görülən kompleks tədbirlərə toxunulub, təkcə Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində 11 məhkəmə üçün yeni, müasir tələblərə cavab verən binaların inşası, 40-dək məhkəmə binasının qabaqcıl standartlara uyğun layihələndirilməsi və hazırda onlardan artıq 10-nun inşasına başlanıldığı diqqətə çatdırılıb. Məhkəmə fəaliyyətinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin bu günlərdə müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş və iki məhkəmənin yerləşdiyi Sabunçu Məhkəmə Kompleksinin açılışında şəxsən iştirakı hər bir hakimi ədalət mühakiməsini yüksək tələblər səviyyəsində həyata keçirməyə səfərbər edib.

İclasda, həmçinin hakimlərin seçilməsində ən şəffaf və mükəmməl qaydaların tətbiq olunması, çoxmərhələli seçim prosesi nəticəsində son illər ərzində 2600 namizəd sırasından 307 hüquqşünasın hakim vəzifəsinə təyin edilməsi qeyd olunub. Bildirilib ki, Azərbaycanın bu sahədə təcrübəsi mötəbər beynəlxalq qurumlar tərəfindən digər dövlətlərə örnək kimi tövsiyə edilir.

Şuranın iclasında 2010-cu ildə yeni qaydalarla seçilmiş 50-dək hakimin ilkin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar ətraflı təhlillər aparılıb, onların hər birinin fəaliyyəti yerində öyrənilib, yuxarı instansiya məhkəmələrinin rəyləri, Ədliyyə Nazirliyinin təqdim etdiyi və digər məlumatlar prinsipial müzakirə olunub.

Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxışında hakimlər tərəfindən yol verilən xarakterik nöqsanlara toxunub, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə vəzifələri qeyd edib.

Səlahiyyət müddəti başa çatan hakimlərin iştirakı ilə keçirilən açıq müzakirələr zamanı vətəndaşların şikayətlərini doğuran nöqsan və çatışmazlıqlar diqqətə çatdırılıb, ədalətli və qərəzsiz olmağın, etik davranış kodeksinin tələblərinə dönmədən əməl etməyin və vətəndaşlara qayğılı münasibətin hər bir hakimin ən ümdə vəzifəsi olması vurğulanıb, onların hakim vəzifəsinə yararlılığına dair müvafiq təkliflər hazırlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2629