Arif Paşayevin 85 yaşı oldu


10:00     15 Fevral 2019 19_02_15_1550210519.jpg


Bu gün Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin doğum günüdür.


Femida.az xəbər verir ki, Azərbaycanın tanınmış ziyalılarından olan A.Paşayevin 85 yaşı tamam olur.

Arif Mircəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda anadan olub. 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu radiofizika ixtisası üzrə təhsil alan A.Paşayev 1959-cu ildən AMEA-nın Fizika İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin vaxtdan o, yarımkeçirici materialların elektrofiziki parametrlərini kontaktsız ölçmək üçün cihazlar, maşınqayırma məmulatına nəzarət üçün cərəyan burulğanlarından istifadə edən qurğular, mikrominiatür dəqiq çeviricilər yaradıb seriya ilə istehsala buraxıb.

Alimin əldə etdiyi elmi nəticələrin bir çoxu ixtira səviyyəsində işlənib beynəlxalq sərgi və müsabiqələrdə qızıl, gümüş medallar və diplomlarla təltif olunmuş, bir sıra sənaye müəssisələrində tətbiq edilib.

Görkəmli alim 1960-1964-cü illərdə Moskvada "QİREDMET" İnstitutunda aspirant oub, 1966-cı ildə isə "Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsi alıbdır. A.Paşayev fizika-riyaziyyat elmləri doktorudur.

Akademik 400-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın müəllifidir. O, 60-dan çox ixtira üçün müəlliflik şəhadətnaməsi və sənaye nümunələri alıb. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olan akademik Arif Paşayev elm sahəsindəki yüksək xidmətlərinə görə 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2009-cu ildə isə “Şərəf” ordeni ilə təltif edilib. O, Nobel mükafatı laureatı İ.V.Pavlov adına “Qızıl nişan”la, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Qızıl medal”ı, akademik Y.Məmmədəliyev adına medalla, Beynəlxalq Aviasiya Komitəsinin “Qızıl medal”ı, Beynəlxalq Mühəndislik Akademiyasının “Mühəndislik şöhrəti” ordeninə də layiq görülüb.

Ölkə başçısının imzaladığı sərəncamla A.Paşayev “İstiqlal” Ordeni ilə təltif olunub.

Femida.az

Açar sözlər: Arif_Paşayev  

Oxunub: 1451