Xaricdə yaşayan azərbaycanlılar da “ASAN xidmət”dən istifadə edə biləcək


14:21     15 Fevral 2019 2018/12/ulvi-m_1543992457.jpg


"ASAN-xidmət" Azərbaycan vətəndaşları üçün xidmətlərin çatdırılması platformasıdır. Xaricdə yaşayan azərbaycanlılarla iş vəzifəsi isə Diasporla İş üzrə Dövlət Komitəsindədir. Azərbaycan dövlət xidmətlərinin "ASAN-xidmət" vasitəsilə xaricdə yaşayan soydaşlarımıza çatdırılması üçün platforma müəyyən etdik.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentlik sədri bildirib ki, həm "ASAN-xidmət"in, həm də Diasporla İş üzrə Dövlət Komitəsinin bu işdə əməyi var.

"ASAN-xidmət"də səyyar xidmət mövcuddur. "ASAN-xidmət"in olmadığı regionlarda vətəndaşlara xidmət göstərilir. Bu, səyyar avtobuslar və "ASAN-qatar" vasitəsilə həyata keçirilir. Biz komitə ilə birlikdə xaricdə yaşayan Azərbaycan vətəndaşlarına səyyar "ASAN xidmət"lərin göstərilməsini təşkil edəcəyik. Bu, xaricdə yaşayan soydaşlarımız üçün kifayət qədər xeyirli bir iş olacaq. Həmçinin, xaricdə yaşayan azərbaycanlılar üçün müvafiq elektron xidmətlərin təşkili olacaq"-, deyə Ü.Mehdiyev vurğulayıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib. Sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Dövlət Komitəsinin sədri Fuad Muradov imzalayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 490