"Azercell" qiyməti 400 dəfə artırdı - Abunəçiyə 262 manat borc yazıldı


13:11     19 Fevral 2019 19_02_19_1550567517.jpg


İnternet həyatımızın ayrılmaz hissəsinə çevrildiyi üçün bu gün müxtəlif provayderlər, şirkətlər, mobil operatorlar insanlara müxtəlif kampaniyalarla internet xidməti təklif edir. Lakin bəzən bu xidmətlər insanların etibarından sui istifadə halı və qazanc məqsədinə çevrilə bilir. Elə saytımıza müraciət edən Qulu Məmmədliyə qarşı edilən kimi. Femida.az vətəndaşın müraciətini təqdim edir:

“2015-ci ildə “Azercell”dən DATA nömrə almışdım. Müqaviləyə görə, 10 ay ərzində bu nömrə işlək qalmalı və hər ay minimum 10 manat ödəməli idim. Bunun da qarşılığında mənə ayda 10 gb internet verilirdi. Sərfəli təklif olduğu üçün bu imkandan yararlandım, daha sonra isə problemlə üzləşdim. İnternet paketi bitəndə mənə xəbərdarlıq SMS-i gəlməli idi. Amma paketim bitdiyi halda “Azercell” internet axınını dayandırmayıb və mənə borc yazmaq şərti ilə internet təqdim edib. Üstəlik xəbərdarlıq SMS-ni də çox gec göndərib. Bu hadisə 2016-cı ildə yaşanıb. Təxminən paket bitəndən yarım saat sonra SMS gəlib. İnternetdən çıxandan yarım saat sonra yenidən girməyə cəhd etdim, amma alınamdı. “Azercell”ə zəng edib soruşanda bildirdilər ki, mənim paketim bitib, üstəlik əlavə 262 manatlıq internet istifadə etmişəm. Məbləğin bu qədər böyük olmasına səbəb isə paketli və paketsiz internet arasındakı qiymət fərqidir. Təsəvvür edin, paket daxilində internetin qiyməti 1 mb üçün 0,1 qəpikdirsə, paketdən kənar 40 qəpikdir. Yəni arada 400 dəfə fərq var".



Vətəndaş bildirir ki, pulu ödəməkdən imtina edib:

"Azercell" mənə xəbərdarlıq etmədən, bu borcu yazıblar. Paket bitəndə internet avtomatik dayanmalı idi. İndi də məni məhkəməyə verib pulu tələb edirlər”.


Məsələ ilə bağlı “Azercell”ə sorğu ünvanladıq. Mobil operatordan belə cavab verildi:

“Müraciətlə bağlı araşdırmanın nəticəsini nəzərinizə çatdırmaq istərdik. Abunəçi günlük internet paketdən istifadə edib. Günlük internet paket aktiv edildiyi andan etibarən 24 saat ərzində qüvvədə olur. Abunəçi 23.05.2016-ci il, saat 23:02-də Günlük internet paketi sifariş edib. Paketin bitməsi ilə bağlı xəbərdarlıq sms-i 24.05.2016-cı il, saat 23:02-də göndərilib. İnternet paket bitdiyi təqdirdə də hər 1 mb 0.40 AZN-dən hesablanıb”.

Məsələyə münasibət öyrənmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. O bildirdi ki, bu cür hallar tez – tez yaşanır:



“Bəzən elə olur ki, istehlakçının xəbəri olmadan onu müxtəlif kampaniyalara qoşurlar. Azərbaycanda illər öncə 4000 manat borc yazılan bir hal olmuşdu. Ölkəmizdə olan mobil operatorlar bədəninə yağ sürtmüş pəhləvan kimidir. Şikayət olanda aradan çıxırlar, bütün yollarla günahı istehlakçının boynuna atırlar. Hətta yeni texnologiyalar tətbiq olunduqca fikirləşirlər ki, istehlakçını müasir üsullarla necə soymaq olar. Onların insanları soymaq metodları müasir texnologiyalara əsaslanır. Odur ki, bu sübutları da əldə etmək çətin olur. Bu yaxınlarda digər bir mobil operatorla bağlı şikayəti İqtisadiyyat Nazirliyinə göndərsəm də, təəssüf ki, nəticə olmadı. Bu birbaşa istehlakçı hüquqlarının pozulmasıdır”.

Hadisəni hüquqi cəhətdən dəyərləndirməsi üçün vəkil Əziz Qənbərova müraciət etdik. Vəkil bildirdi ki, abunəçinin internet paketi bitəndən sonra dərhal xəbərdarlıq mesajı gəlməli idi:

“Bir neçə saatda 260 manat borc yazılması müştəri hüquqlarının pozulmasıdır. Bir saat ərzində ABŞ-la telefonla danışsan belə 260 manat yazmır. Burada istehlakçının hüququnun ciddi şəkildə pozulduğu görünür. Çünki birdən-birə qiymətin 400 dəfə artırılması düzgün yanaşma deyil.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanunun 13-cü maddəsinə əsasən, icraçı istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. 13.4-cü bəndinə əsasən, satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan xidməti almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır”.

Xidmət haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız, qeyri-dəqiq və gizli reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın xidmətin xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.



Eyni zamanda qanunun 3-cü maddəsinə görə, hər bir istehlakçının xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ vardır.

Qanunun 7-ci maddəsində isə göstərilir ki, malın qüsurlarının icraçının hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, müqavilənin ləğv edilməsini tələb edə bilər”.

Qulu Məmmədli bildirib ki, borcu ödəmədiyi üçün "Azercell" onunla bağlı Sabirabad rayon məhkəməsində iddia qaldırıb. Artıq işlə bağlı iki iclas baş tutub. Vətəndaşın bildirdiyinə görə, proseslərin heç birində "Azercell"in nümayəndəsi iştirak etməyib. İkinci iclasda verilən qərara görə, hadisə ilə bağlı faktlar ekspertizaya göndərilib. Xəbərdarlıq mesajının gec gəlib-gəlmədiyi ekspertizanın rəyindən sonra məlum olacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #qanun   #hüquq   #Azercell   #şikayət   #femida   #vətəndaş   #məcəllə   #istehlakçı   #internet   #AİB   #Əziz_Qənbərov   #Eyyub_Hüseynov  

Oxunub: 1554