Çoxmənzilli binalarda çıxarışların alınması sadələşir - Fərmanın şərhi

Çoxmənzilli binalarda çıxarışların alınması sadələşir - Fərmanın şərhi


14:35     19 Fevral 2019 19_02_19_1550572610.jpg


Bu gün ölkə başçısı tərəfindən çoxmənzilli binaların istismarına icazə, bu icazə verildiyi gündən 1 ay müddətində həmin binalarının su, kanalizasiya xidməti, işıq və qazla təchiz edilməsi və belə binalardakı mənzillərin “çıxarış”la təmin edilməsi ilə bağlı Fərman imzalanıb.


Femida.az xəbər verir ki, sənədə əsasən tikinti-quraşdırma işləri başa çatmış və faktiki istifadə edilən çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi aşağıdakı sadələşdirilmiş qaydada həyata keçiriləcək:

- Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində binaları möhkəmlik baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda müvafiq rəy tərtib edib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir;

- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu binanın istismarına icazə verir;

- “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi binalarının istismarına icazə verildiyi gündən 1 ay müddətində çoxmənzilli yaşayış binalarının su, kanalizasiya xidməti, işıq və qazla təchiz edilməsini təmin edir;

- Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilmiş binalardakı mənzillərə qısa müddətdə çıxarışın verilməsini təmin edir.

Fövqəladə Hallar Nazirliyinin binanın müayinəsi barədə rəyi mənfi olduqda aşkar olunmuş konkret çatışmazlıqlar və onların aradan qaldırılması üçün zəruri tədbirlər barədə rəy yaşayış binasının sahibinə təqdim edilir. Rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda müayinənin yenidən aparılması üçün FHN-nə müraciət edilir.

Fərmana əsasən FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu Fərmanın icrası ilə bağlı görülmüş tədbirlər və işlərin gedişatı barədə hər ay Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.

Femida.az

Açar sözlər: hüquq   qanun   fərman  

Oxunub: 726