Azərbaycanda bəlaya çevrilən xəstəlik - Xərçəng xəstələri ilə SÖHBƏT

Azərbaycanda bəlaya çevrilən xəstəlik - Xərçəng xəstələri ilə SÖHBƏT


13:20     20 Fevral 2019 2019/02/onkologiya_22_1550654191.jpeg


Ötən ilin statistikasına görə, dünyada xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayı 18 milyondan çox olub. Xəstəlikdən ölənlərin sayı isə 10 milyona yaxındır. Femida.az-ın məlumatına görə, son illər ərzində Azərbaycanda da onkoloji xəstələrin sayında artım müşahidə edilir. Hər il ölkədə orta hesabla 1100-1200 nəfərə ilk onkoloji diaqnoz qoyulur. Azərbaycanda əhalinin hər 100 min nəfərinə 430 xərçəng xəstəsi düşür. Bu isə o deməkdir ki, ölkədə 43 min onkoloji xəstəlikdən əziyyət çəkən adam var. Azərbaycanda ən geniş yayılan xərçəng növü süd vəzi xərçəngidir. İkinci yerdə ağciyər xərçəngi dayanır. Ümumilikdə isə xəstələrin 50 faizindən çoxu qadınlardır. Bu xəstəlik ölüm hallarının çoxluğuna görə, ürək çatıçmazlığı və insultdan sonra Azərbaycanda 3-cü yerdədir.

Xərçəngin yol açdığı fəsadları xəstələrin öz dilindən öyrənmək üçün Milli Onkologiya Mərkəzi ilə əlaqə saxladıq. Çəkiliş və reportaj üçün icazə istəsək də, Mərkəzin rəhbərliyi buna icazə vermədi. Məcbur qalıb çəkiliş olmadan mərkəzə daxil olduq və xəstələrlə söhbət etməyə çalışdıq. Düzdür, içəridə yüzlərlə xəstə olmasına baxmayaraq, danışmaq, dərdini bölüşmək istəyənlərin sayı yox dərəcəsində idi. Cəmi 3 nəfərlə həmsöhbət ola bildik.

Əvvəlcə endoskopiya şöbəsində növbə gözləyən bir xanımla söhbət etdik:

“Hələ bu gördüyün ən kiçik növbədir. Bəzən adam əlindən tərpənmək olmur. Həkim 9-da işə gəlir. Mən də adətən 9-da gəlib növbəyə yazılıram. Növbəm saat 2-də gəlib çatır. Qiymətlər də çox bahadır. Dərmanlar, analizlər, terapiya və s. hamısı pul tələb edir. Bu dəqiqə ölkənin çox hissəsində bu xəstəlik yayılmaqdadır. Tibb Universitetinin Onkoloji Klinikasına da getmişdim. Orada növbəyə düşmək isə çox çətin məsələdir. Ona görə də bura gəlirəm”.



Daha sonra diaqnostika korpusuna yollandıq. Burada isə gözləyənlərin sayı qat-qat çox idi. Səhər saat 11 olmasına baxmayaraq, artıq 43 nəfər qəbul edilmiş, ən azı bir o qədər də koridorda gözləyən şəxs var idi. Yaşlı bir kişi ilə həmsöhbət oluruq. Mərkəzə Ağdaşdan qardaşını gətirdiyini bildirir:

“Bura özüm üçün yox, qardaşım üçün gəlirəm. Ağdaş rayonundan gəlmişik. 70 yaşım var, amma xəstəxanalardayam. 2 aydan çoxdur ki, gəlib gedirik. Hələ ki, bir xeyrini görməmişik. Elə bir tərəfdən də pul gedir. Qardaşıma bəzi kimyəvi dərmanlar yazdılar. Sağ tərəfi, sağ əli keyləşib. Əvvəl qara ciyərində şiş var idi, indi ağ ciyərlərinə keçib. Nəfəs almaqda çətinlik çəkir, dayanmadan öskürür. Amma nə edək, başqa çarəmiz yoxdur, gəlib gedirik. Əvvəllər belə xəstəliklər yox idi. İndi hər gün bir xəstəlik çıxır. Qidalar bizi məhv edir. Bizim dövrümüzdə həkim nədir, iynə-dərman nədir, bilməzdik”.



Üçüncü həmsöhbətimiz isə orta yaşlı bir qadındır. O, Milli Onkologiya Mərkəzinə qızını gətirdiyini deyir. Bəli, cəmi 25 yaşında olan qızın süd vəzilərində xoşxassəli şişlər var. Bu da bir daha Azərbaycanda xəstəliyin getdikcə gəncləşdiyini göstərir. Qadın üzüntülü şəkildə bir iki cümlə deyir:

“Son həftələrə qədər həyatımız normal axarında gedirdi. Birdən qızımın sinəsində ağrılar yarandı. Əvvəlcə fikirləşdik ki, soyuq olub, keçib gedər. Amma ağrılar getdikcə şiddətləndi. Qızım gecələr yata bilmirdi. Daha sonra bura gətirdik. Həkim dedi ki, süd vəzilərində xoşxassəli şiş var. Hələ ki, əməliyyata ehtiyac yoxdur, dərmanlarla müalicə olunacaq”.



Qeyd edək ki, bu xəstəliyə ilk öncə qida faktoru, daha sonra siqaret çəkmək, ətraf mühitin çirklənməsi və gec uşaq dünyaya gətirmək kimi amillər yol açır. Qida və siqaret xəstəliyin səbnələri arasında 70 faiz təşkil edir.

Bundan başqa həyatımızda diqqət etmədiyimiz ən xırda detallar belə xərçəngə yol aça bilər. Məsələn, keyfiyyətsiz kauçuk oyuncaqlardan tutmuş ayaqqabıya qədər bir çox şey insanda bu xəstəliyi yarada bilir. Hətta bədənlərini qaraltmaq istəyən xanımlar salyaridən istifadə edərkən belə xərçəngə yoluxma riski daşıyır.

Onkoloji xəstəliyi erkən aşkar etmək üçün dünyada qəbul olunmuş testlər var. 40 yaşından sonra hər bir insanın bəzi testlərdən keçməlidir.

Mövzunu diqqətdə saxlayacağıq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #xərçəng   #onkologiya   #xəstə   #xəstəxana  

Oxunub: 1119