İş axtaranlar! 5 dövlət orqanında 88 yer vakantdır

İş axtaranlar! 5 dövlət orqanında 88 yer vakantdır


15:15     20 Fevral 2019 kreslo_201214.jpg


Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-dən etibarən mərkəzi icra hakimiyyəti orqanlarında inzibati rəhbər vəzifələr üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanlarını verib.



DİM-dən Femida.az-a bildirilib ki, dövlət qulluğu vəzifələrinin A növünə aid (inzibati rəhbər vəzifələr) müsabiqənin müsahibə mərhələsi üzrə 5 dövlət orqanında 88, ümumi müsahibə üzrə isə 4 dövlət orqanında 10 vakant inzibati vəzifənin tutulması üçün müsahibə mərhələsi elan edilib. Müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti martın 7-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizədlər dövlət qulluğunun A növü üzrə müsabiqənin müsahibə və ümumi müsahibə elanları ilə DİM-in saytında da tanış ola bilərlər.

Qaydalara əsasən, vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verənlər müsahibələrdə iştirak edə bilərlər. DİM-in saytında təqdim edilən cədvəldə hər iki elanda verilmiş vəzifə altqrupu üzrə vakant yerlərin sayı və imtahan verərək müvafiq sertifikatı əldə edənlərin sayı qeyd olunub. Belə ki, AC1 vəzifə altqrupuna uyğun 12, AC3 vəzifə altqrupuna uyğun 19, AC4 vəzifə altqrupuna uyğun 63 vakant yer var. Sertifikatı olanların sayı isə müvafiq olaraq 18, 40 və 50-dir. Nəzərə alsaq ki, vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahiblərdə də iştirak edə bilərlər, bu zaman namizədlərin seçim imkanları daha çox olur. Sertifikat əldə etmiş şəxslər vakant vəzifələrin tutulması üçün digər tələblərə (əmək stajı, təhsil, ixtisas və s.) cavab verirlərsə, müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Müsahibələrdə iştirak etmək istəyən namizədlər "Dövlət qulluğu üzrə müraciət Forması"nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçə bilərlər.

Elan edilmiş müsahibələrdə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 311