Xocalı qurbanları dünyanın 50-dən çox ölkəsində yad ediləcək

Xocalı qurbanları dünyanın 50-dən çox ölkəsində yad ediləcək


15:50     20 Fevral 2019 2019/02/1-(1)_1550663534.jpg

Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində soyqırımı qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictima¬iyyətinə tanıdılması istiqamətində müxtəlif tədbirlər keçirilir.

Artıq bəzi ölkələrdə Azərbaycan diasporunun təşkilatçılığı ilə Xocalı qətliamının 27-ci ildönümünə həsr olunmuş tədbirlərə start verilib.

Bu il Amerika Birləşmiş Ştatları, Kanada, Avropa ölkələri, Latın Amerikası ölkələri və Avstraliya da daxil olmaqla dünyanın 50-dən çox ölkəsində Xocalı soyqırımının qurbanları yad edilir.

ABŞ tarixində ilk dəfə olaraq azərbaycanlılara məxsus olmayan qeyri-hökumət təşkilatları - Amerika Sefardlar Federasiyası, Amerika Müsəlmanları Liderləri İttifaqı fevralın 25-də Xocalı soyqırımı qurbanlarına həsr edilmiş geniş tədbir keçirəcəkdir. Fevralın 17-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Holokost Muzeyi və Təhsil Mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib. Bununla yanaşı, ABŞ-ın Vaşinqton, Nyu-York, Bruklin, Boston, Solt Seyk Siti, Çikaqo və Meyn şəhərlərində, o cümlədən Florida Ştatında da fevralın 26-dək Xocalı soyqırımının ildönümü ilə bağlı anım tədbirləri təşkil olunacaq.

Fevralın 23-dən etibarən Kanadanın Toronto, Edmonton, Ottava şəhərlərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Türkiyənin İzmir, İstanbul, Kahramanmaraş, İğdır, Kayseri kimi şəhərlərində, Kocaeli vilayətində Xocalı mövzusunda konfrans, fotosərgi və s. tədbirlərin təşkili planlaşdırılır. Bununla yanaşı, Gürcüstanda da fevralın 26-dək ölkənin Marneuli və Laqodexi rayonlarında, eləcə də paytaxt Tbilisidə Xocalı qətliamına həsr olunmuş yürüşün təşkili, məlumatlandırıcı bukletlərin paylanılması, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.

Xocalı qətliamının qurbanları Almaniya, Fransa, Belçika, Niderland, Avstriya, Finlandiya, Estoniya, Macarıstan, Serbiya, Latviya, Rumıniya, İsveçrə, Yunanıstanda da yad ediləcək. Fevralın 23-də Belçika Krallığının Brüssel şəhərində Lüksemburq meydanında keçiriləcək mitinqin də əsas şüarlarını “Xocalıya Ədalət”, “Xocalıya biganə qalma” kimi çağırışlar təşkil edəcəkdir.

Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Perm şəhərləri daxil olmaqla, 25-dən çox regionunda Xocalı soyqırımının ildönümünə həsr edilmiş müxtəlif formatlı anım mərasimləri keçiriləcək. Bundan başqa Tacikistan, Qazaxıstan, Özbəkistanda da faciə ilə bağlı xatirə gecələri, film nümayişi və sərgilərin təşkili, eləcə də beynəlxalq təşkilatlara etiraz bəyanatlarının göndərilməsi nəzərdə tutulur.

Qeyd edilənlərlə yanaşı, İsrailin paytaxtı Tel-Əvivdə və Akko şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım mərasimləri keçiriləcəkdir.

Diaspor təşkilatlarından Dövlət Komitəsinə daxil olan məlumatlara görə, ümumilikdə 50-dən çox ölkədə, 100-lərlə şəhərdə 170-dən çox anım tədbirinin keçirilməsi planlaşdırılır.

Femida.az

Açar sözlər: Xocalı  

Oxunub: 129