AQTA-nın rüşvət alan “işçiləri” məhkəməyə şikayət etdi


10:35     21 Fevral 2019 rusvet%20basindaa.jpg

Bakı Apellyasiya Məhkəməsində Qida Təhlükəsizliyi Agentliyinin adından istifadə edərək rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Səfər Vəliyev və Elnur Rzayevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.


Femida.az-ın xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 27-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Qida Təhlükəsizliyi Agentliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Rzayev Elnur Qadir oğlu və Vəliyev Səfər Məhəmməd oğlunun qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə uzun müddət ərzində mütəmadi olaraq, Bakı şəhəri və respublikanın ayrı-ayrı rayonlarında fəaliyyət göstərən ərzaq mağazaları sahiblərinə özlərini Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları kimi təqdim edərək, mağazalarda yoxlama aparılmaması müqabilində sahibkarları rüşvət verməyə təhrik edərək onlardan pul almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, E.Rzayev və S.Vəliyevə Cinayət Məcəlləsinin 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 772