Ər keçmiş arvadından icazəsiz əmlakını sata bilərmi? - QANUN


12:56     21 Fevral 2019 emek%20muqavilesi.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Bu dəfəki mövzumuz ər və arvadın boşandıqdan sonra yaranamış əmlak problem ilə bağlıdır.


Sual:

Boşanmış ərin adına torpaq sahəsi varsa və o torpağı satmaq istəyirsə, keçmiş həyat yoldaşı ondan pay tələb edə bilərmi? Ərin keçmiş həyat yoldaşına xəbərdarlıq etmədən əmlakını satmaq hüququ varmı?

Cavab:

Əgər torpaq keçmiş həyat yoldaşı ilə birgə nigah dövründə əldə edilibsə, bu zaman arvad iddia irəli sürə bilər. Birgə nigah dövründə əldə edilməyibsə, ər subaylıq haqqında arayış almalıdır. Daha sonra o, torpağı sata bilər.

Ailə Məcəlləsinin 34-cü maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 35-ci maddəyə görə isə nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Məcəllənin 36-cı maddəsində göstərilir ki, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #qanun   #hüquq   #vəkil   #ailə   #məcəllə   #torpaq   #əmlak  

Oxunub: 2072