Daha 5 kəndə təbii qaz verildi


01:45     24 Oktyabr 2015 gas_121212.jpg


Bu gün Xaçmaz, Lerik və Gədəbəy rayonlarının daha 5 kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Femida.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Xaçmaz rayonunda keçirilmiş tədbirdə qeyd olunub ki, ümumilikdə 223 abonenti olan Qıraqlı və Xanlıqoba kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22 635 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Lerik rayonunun 53 abonentlik Zərikməco kəndinin qazlaşdırılması zamanı ümumi uzunluğu 10 335 metr olan polietilen və metal borularla qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Gədəbəy rayonunun Parakənd və Leşkər kəndlərinə də ilk dəfə olaraq təbii qaz verilib. Bildirilib ki, 492 abonenti olan kəndlərin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 36 499 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 492 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Açar sözlər:

Oxunub: 926