Çayçı qadına 5,3 milyon manat kredit verilib - İşi quran KİMDİR? (Məhkəmə)


17:38     25 Fevral 2019 19_02_25_1551101977.jpg


Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Femida.az-ın virtualaz.org-a istinadən xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.



Prosesdə Beynəlxalq Bankdan 39 milyon 180 min manat kredit götürmüş təqsirləndirilən Ramiz Kərimov ifadə verib. O, ifadəsində əvvəllər hüquq-mühafizə orqanlarında çalışdığını, 2005-ci ildə D.Xəlilovla tanış olduğunu, "General Construction" şirkətində mühafizəçi işlədiyini deyib: “Sonradan Dünyamin Xəlilov mənə "Beta Line" şirkətində direktor vəzifəsi təklif etdi - sənədləri verirdilər, imzalayırdım. Həmçinin iki-üç aylığa “Green Hill”də direktor olmuşam. Şirkətdə rəhbər olduğum dövrdə də mühafizəçi kimi işləmişəm. Maaşım 450 manat idi, direktor olduğum üçün əlavə 100 manat da alırdım".

R.Kərimov qeyd edib ki, şirkət rəhbəri işlədiyi vaxtlarda dəfələrlə kredit müqavilələrinə qol çəkib: "Dünyamin müəllimin işçisi sənədləri gətirirdi, mən də baxmamış qol çəkirdim. Bir neçə dəfə də Beynəlxalq Bankın Mərkəzi filialına gedib, sənədlərə qol çəkmişəm. İstintaq dövründə bilmişəm ki, bir neçə təşkilatın rəhbər şəxsi adından sənədləri imzalamışam. 2015-ci ildə məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırdılar, həbs olundum, sonradan azad edildim. İstintaq zamanı məlum oldu ki, “Aztorq” firması ilə bağlı həbs olunmuşam. İmzaladığım sənədləri oxumamışam, məbləğləri görməmişəm, hərdən banka gedib imzalamışam”.

Tərəflərin suallarını cavablandıran R.Kərimov deyib ki, hər şeyin qanuni olduğunu düşünüb: “Milyonlardan söhbət gedirdi. Elə bilirdim hər şey qanunla tənzimlənib. Fikirləşirdim ki, heç bir problem olmaz. Qanunsuzluqları istintaq zamanı bilmişəm. Mən heç nə görməmişəm. Mahiyyətinə varmayıb o sənədləri imzalamışam. Bankdan götürülən pulları kimin qaytaracağını məhkəmə özü aydınlaşdırsın. O sənədləri mən imzalamasaydım da, onsuz da başqası imzalayacaqdı”.



Hakim D.Xəlilovdan hansı qabiliyyətinə görə R.Kərimovu qabağa çəkdiyini, mühafizəçidən şirkət rəhbərliyinə qədər yüksəltdiyini soruşub. D.Xəlilov cavabında “Təmiz insan idi, əliəyri deyildi. Pullar hamısı layihələrə xərclənib. Mən insanlara etimad göstərmişəm, onlar da mənə etimad göstəriblər” deyib.

Prosesdə “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov da dindirilib. O, ixtisasca mühəndis olduğunu, əvvəllər bir müddət ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində, Beynəlxalq Hava Limanında direktor müavini işlədiyini, sonradan isə Şüşə zavoduna direktor təyin olunduğunu deyib: "Cahangir Hacıyevlə zavodun fəaliyyəti ilə bağlı görüşmüşəm. O, rəhbər şəxs kimi zavodun işi ilə maraqlanırdı".

F.Muradovun barəsində şişirdilmə ilə bağlı 1 milyon 193 min manatlıq ittiham verilib. O, həmin ittihanları qəbul etnədiyini, günahsız olduğunu deyib: “Orada şişirtmələr olmayıb, düzgün hesabat aparılmayıb. İşlərin həcmi, görülən işlər düz sayılmayıb. “Amay” Ticarət Mərkəzi “İnterglass” ASC-nin aktividir. Ora pul ödəyir, işlər görülür, amma “forma-2”də “Amay”ın adı göstərilmir. Hesabatda göstərilib ki, quraşdırma işləri aparılmayıb, olduğundan daha aşağı fərq yazıblar, bunu necə müəyyən ediblər? Hesabatla tanış olanda gördüm ki, bəzi rəqəmlər qeyd edilməyib”.



Daha sonra prosesdə adına Beynəlxalq Bankdan 5 milyon 308 min manat kredit götürülən, hazırda müttəhimlər kürsüsündə əyləşən Svetlana Əsədullayeva ifadə verib. O, ixtisasca mühəndis olduğunu, D.Xəlilovun "General Construction" şirkətində çayçı kimi çalışdığını deyib. Bir müddət işlədikdən sonra isə D.Xəlilov onu "Beta line" şirkətinə direktor təyin edib: “2008-ci ildə “Beta Line”a director təyin edildim. Sənədləri gətirirdilər, oxumadan qol çəkirdim. Buna görə əlavə hər ay 100 manat alırdım. Sənədlərdə nə yazıldığını bilmirdim”.

Hakimin “necə gedib ora çıxmışdınız?” sualına S.Əsədullayeva sabiq deputatın həyat yoldaşı ilə yaxın olduqlarını söyləyib: “Deputat olan vaxtlarda yanına gəlib-gedən çox olurdu. Mən qonaqlara çay verirdim”.

Hakim D.Xəlilovdan yüz milyonlarla dövriyyəsi olan firmanın direktoruna niyə ayda 100 manat pul verdiyini soruşub: “Şirkətin yüz milyonlarla dövriyyəsi olub, bu qadına ayda 100 manat pul vermisiniz. Bu nə deməkdir? Gücünüz buna çatırdı? Siz sadəlöhv adam deyilsiniz axı. Başqa adam tapılmırdı? Niyə Svetlananı o vəzifəyə təyin edirdiniz? Öz qohumlarından birini niyə direktor təyin etmirdiniz?”

D.Xəlilov cavabında “bunlar yaxında idi, inanırdım” deməklə kifayətlənib.

Femida.az

Açar sözlər:

Oxunub: 1096