Həm döyüşən, həm yaralıları xilas edən həkim şəhid: Şahin Quliyevin həyat yoldaşı ilə MÜSAHİBƏ + FOTOLAR


11:00     28 Fevral 2019 2019/02/IMG_3167_6205013044.jpg


Vətən, torpaq, millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək, şərəfli zirvədir şəhidlik. Şəhidlər xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Onların canı, qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Elə 1994-cü ildə Seysulan istiqamətindəki döyüşlərdə şəhid olmuş Şahin Quliyev kimi. Müsahiblərimiz cəbhədə həm döyüşən, həm də həkim kimi yaralılara kömək edən Şahinin həyat yoldaşı və oğludur. Onların acısı hələ də ilk günkü kimi təzə görünür. Yasəmən xanım söhbətə başlayan kimi kövrəlir. Bir neçə cümlədən sonra isə gözləri dolmağa başlayır.

- Yasəmən xanım, istərdik, əvvəlcə şəhidin həyat yolu barədə bizə məlumat verəsiz.
- Şahin 1956-cı ildə yanvarın 10-da Ağsunun Gəgəli kəndində ziyalı ailəsində doğulub. Orta məktəbi də orada bitirib. Tibb Universitetinin məzunu olub. Ona Bakıda bir çox təkliflər olsa da, doğma kəndinə qayıtmağı üstün tutub. 1987-ci ildə Gəgəli kənd ambulatoriyasına baş həkim təyin edilib. 1993-cü ilin 19 noyabrında həkim kimi hərbi xidmətə çağırılıb. 777 saylı hərbi hissədə, general Rövşən Əkbərovun başçılığı altında leytenant olaraq xidmət edib. Tərtər rayonu Seysulan kəndində ön cəbhədə vuruşub. O, narahat olmamağımız üçün bizə deyirdi ki, “mən arxa cəbhədəyəm”. Amma sonradan bildik ki, ön cəbhədə xidmət edirmiş. Həm yaralıları qəbul edirmiş, həm də döyüşürmüş. Bu müddətdə bir neçə dəfə evə baş çəkmişdi. 1994-cü il mayın 13-də şəhid oldu.



- Sonuncu görüşünüzü necə xatırlayırsız?
- 1994-cü il mayın 1-də sonuncu dəfə evə gəldi. Ölümündən 12 gün qabaq... Atasının vəfatının il dönümü idi. 2-3 gün qalıb getdi. Bildiyiniz kimi həmin vaxt atəşkəs ərəfəsi idi. Mayın 5-də atəşkəs imzalandı, mayın 12-də qüvvəyə mindi. Mayın 13-də isə Şahinin ölüm xəbəri gəldi. O döyüşə gedəndə valideynləri rəhmətə getmişdi. Oğlumuz isə təzə doğulmuşdu. Qohumlarımız Şahinə dedi ki, körpə uşağı , həyat yoldaşını təkbaşına qoyub hara gedirsən? Amma vətən sevgisi onu saxlamağa imkan vermədi. Şahin deyirdi ki, siz burada rahat yaşayırsız. Amma cəbhədə insanlar pis vəziyyətdədir, onlara kömək lazımdır. İstəyirdi ki, oradakı insanlara yardım etsin. Sonuncu dəfə evə gələndə çox dəyişmişdi, arıqlamışdı, dişləri tökülmüşdü, stressdən pis vəziyyətə düşmüşdü. Şahin deyirdi ki, cəbhədə kimsə öləndə və mən ona yardım edə bilməyəndə çox pis oluram.

- Şahin Quliyevin hansı şəraitdə şəhid olduğu barədə məlumatınız varmı?
- Ölüm xəbəri gələndə ailə üzvlərimiz dərhal ora getdi. O vaxt mənim 19-20 yaşım var idi. Məni qoymadılar gedim. Onların dediyinə görə, Rövşən Rzayev atəşkəs elan olunması ilə bağlı hərbi hissənin heyətini toplayıb və düzülüş keçirib. Bu vaxtı ermənilər atəşkəsə məhəl qoymayaraq, təxribatlara davamç ediblər. Hərbçilərin düzüldüyü yer bombardman olunub. Bu vaxt Şahinin döyüşçü yoldaşlarından biri yaralanıb. Şahin də ona yardım etmək üçün gülləbaran olunan yerdən uzaqlaşdırmağa çalışıb. Bu vaxt ermənilər ikinci dəfə hücum edib. Qəlpələrdən biri Şahinin şah damarına tuş gəlib. Şahin döyüşçü yoldaşını xilas etsə də, özü şəhid olub.


(Soldan dördüncü)

- Dövlət tərəfindən şəhid ailəsi kimi qayğı görürsünüzmü?
- Bəli, dövlətimiz sağ olsun. Bizi evlə təmin etdilər, aylıq təqaüd təyin olundu. Buna görə, ölkə başçısına təşəkkür edirəm. İndi həmin evdə Şahinin yeganə yadigarı oğlum Şamxal yaşayır. Özüm isə kəndi tərk etmədim. Yaşlı anamla birlikdə orada yaşayıram.

Söhbətimizə Şahin Quliyevin oğlu Şamxalla davam edirik. Şamxal özünə Şahin Quliyevin atası Tarverdi bəyin adını soyad kimi götürüb. Bir qədər sakit, bir qədər kövrək danışığından onun atası ilə qürur duyduğunu hiss etməmək mümkün deyildi. Bununla belə o, heç vaxt heç yerdə şəhid övladı statusundan istifadə etməyi xoşlamır. Elə buna görə də, 26 yaşlı Şamxal iş problemi olduğunu deyir. Ailəli olmasına baxmayaraq, hələ ki, stabil bir iş tapa bilmir:



“1993-cü ildə Ağsuda doğulmuşam. Orta məktəbi orada bitirmişəm. 2012-2016-cı illərdə Gəncə Texnologiya Universitetinin Ekologiya Mühəndisliyi fakültəsində təhsil almışam. Universiteti bitirəndən qısa müddət sonra ailə həyatı qurdum. 2016-cı ilin dekabrında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Nəqliyyat İdarəsində işə düzəldim. Amma bu iş mövsümlük idi. Yalnız qış aylarında olur. 6 ay iş olur, 6 ay isə dayanır. Müqavilə ilə çalışırdım. Aylıq əmək haqqı isə 350-400 manat idi. İstəyirdim ki, şirkətdə daimi iş əldə edim. Lakin bəzi işlər ya ixtisasıma uyğun olmurdu, bəzilərində isə balım yetərli sayılmırdı. Elə indi də SOCAR-da mövsümi şəkildə qazanxana operatoru kimi işləyirəm.

Bəzən deyirlər ki, sən şəhid övladısan, niyə atanın adından istifadə etmirsən. Amma bu mənim xarakterimə uyğun deyil. Üstəlik atam vətən uğrundan canından keçib, mən onun adından şəxsi rifahım üçün istifadə edə bilmərəm. Biz heç vaxt şəhid ailəsi olduğumuz üçün özümüzü digər insanlardan fərqləndirməmişik. Atamın şəhid olmasını heç yerdə qabartmamışam, onun adından istifadə etməmişəm. Hər hansı yerdə növbədirsə, durub növbəmi gözləmişəm".



Anası Şamxalın sözlərinə əlavə edir:

"Dövlətimiz sağ olsun, şəhid ailəsi olaraq, daim qayğı görmüşük. Zabrat qəsəbəsində bizə mənzil verdilər. Amma sosial problemlər təkcə bununla həll olunmur. Ailəni dolandırmaq üçün daimi iş vacibdir. Oğlum gil gənc ailədirlər, 1 yaşında nəvəm var. 6 ay bir evə pul gəlməməsi nə deməkdir? Belə olan halda ailə necə dolana bilər? Bizim heç bir vəzifədə olan tanışımız yoxdur. Ümidimiz bircə özümüzədir".

Rayon rəhbərliyi və Mərkəzi Xəstəxanadan şəhid adına hörmətsizlik

Söhbət əsnasında öyrənirik ki, şəhid olmasından sonra Şahin Quliyevin adı Ağsu rayon Mərkəzi Xəstəxanasına verilib. Lakin yeni xəstəxana tikilən zaman rayon rəhbərliyi şəhidin adını lövhədən çıxarıb:

"Həmişə mənə deyirlər, sən niyə həyat yoldaşının şəhidlik statusundan istifadə etmirsən. Amma mən bunu edə bilmərəm. Şahinin adı bizim üçün müqəddəsdir. Ondan sui istifdə etmək düzgün deyil. Bircə dəfə mənim narazılığım olub. O da Şahinin adının verildiyi xəstəxana ilə bağlı. Rayonda yeni xəstəxana binası tikildi. Amma xəstəxananın girişində Şahinin adı yazılmadı. Əvvəlki xəstəxanada isə “Şahin Quliyev adına Ağsu rayon Mərkəzi Xəstəxanası” sözləri var idi. Bu mənə çox təsir etdi. Rayon İcra başçısı Ənvər Seyidəliyevin qəbuluna getdim və narazılığımı bildirdim. Bundan sonra onun adını lövhəyə əlavə etdilər”, - deyə Yasəmən xanım qeyd edir".



Şamxal arzu edir ki, xəstəxanada atasının ruhuna hörmət əlaməti olaraq guşə yaradılsın:

“İstəyərdik ki, heç olmasa xəstəxanada atam üçün kiçik bir guşə yaradılsın. Gələnlər onun kim olduğunu bilsin. Köhnə xəstəxanada öz vəsaitimiz hesabına belə bir guşə yaratmışdıq. Amma yeni xəstəxanada rəhbərlik bunu etmədi. İcra başçısından istəyimiz budur ki, bu məsələyə biganə yanaşmasın. Rayonda yetişən gənc nəsil bilməlidir ki, Şahin Quliyev kimdir. İllərdir ki, biz o xəstəxanadan heç bir yardım görməmişik, şükür Allaha möhtac deyilik. Amma ən azından guşə yaratmaq atamın ruhuna hörmətdir”.



Yasəmən xanım yenidən kövrəlir və titrək səslə fikirlərini tamamlayır:

"Yeni xəstəxananın açılışında Prezident İlham Əliyev də gəlmişdi. Bizim ailədən isə heç kimi çağırmadılar. Bundan sonra qəzəblənib 2016-cı ildə İcra başçısının qəbuluna getdim, lövhə məsələsini qaldırdım. Dedilər ki, baş qarışıq olub, bizi çağırmağı unudublar. Səhiyyə Nazirliyinə müraciət etdim, yalnız bundan sonra Şahinin adını xəstəxananın qarşısına əlavə etdilər. İcra başçısının qəbulunda olanda dedim ki, imkan varsa, xəstəxanada büst qoyulsun. O bildirdi ki, büst yalnız milli qəhrəmanlar üçün qoyulur. Amma söz verdi ki, bu məsələni şəxsən nəzarətə götürəcək və guşə təşkil ediləcək. Amma hələ də bu söz yerinə yetirilməyib. Heç olmasa, köhnə xəstəxanadakı o lövhəni götürüb yeni xəstəxanaya yerləşdirsinlər. Hansı ki, o lövhəni biz öz vəsaitimizlə düzəltdirmişdik. Əgər maliyyə ayırmaq istəmirlərsə, razıyam, köhnə guşəni ora yerləşdirsinlər. Qoy mənim də içim rahat olsun ki, Şahinin xatirəsi əbədi yaşayacaq.
Mehriban xanıma müraciət etmək istəyirəm, o məni bir ana kimi, bir xanım kimi başa düşər. İlk istəyimiz oğlumun işlə təmin olunmasıdır ki, sabah mənə nəsə olsa, gözüm arxada qalmasın. SOCAR-da mövsümi işdə qazanılan pul onun sadəcə yol və nahar xərcini qarşılayır. Yəqin ki, özünüz bilirsiz, 350-400 manatla bu gün bir ay ailə dolandırmaq mümkün deyil. Üstəlik yayda iş dayanır və 6 ay evə heç bir məvacib daxil olmur.
İkinci istəyimiz də Ağsu xəstəxanasında Şahin üçün kiçik də olsa, bir guşə yaradılması, onun haqqında məlumat və fotoların yerləşdirilməsidir.
Təşəkkür edirəm ki, bizi qəbul edib, müraciətimizi işıqlandırdınız".





Femida.az olaraq ümid edirik ki, Ağsu Rayon İcra Hakimiyyəti, Ağsu Rayon Mərkəzi Xəstəxanası, SOCAR və eləcə də digər müvafiq dövlət qurumları onların müraciətlərini nəzərə alıb şəhid ailəsinin probleminə biganə yanaşmayacaq.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #şəhid   #Ağsu   #Qarabağ   #Şahin_Quliyev   #xəstəxana   #icra_başçısı   #Ənvər_Seyidəliyev  

Oxunub: 3614