Qarabağ şəhidinin guşəsi Ağsu xəstəxanasından NİYƏ ÇIXARILIB?
12:23 27 Fevral 2019
"2016-cı ildə Ağsuda yeni xəstəxana binası tikildi və Şahin Quliyevin adı xəstəxananın qarşısından çıxarıldı. Köhnə xəstəxanada onunla bağlı qoyulmuş guşə də yeni xəstəxanaya köçürülmədi".
Bu sözləri Femida.az-a açıqlamasında Qarabağ şəhidi Şahin Quliyevin həyat yoldaşı Yasəmən Quliyeva deyib.
Onun sözlərinə görə, Ağsu Rayon Xəstəxanası yeni binaya köçürüləndən sonra şəhidin adı girişdəki lövhədən çıxarılıb. Eyni zamanda onunla bağlı guşə də ləğv olunub:
"Köhnə xəstəxanada “Şahin Quliyev adına Ağsu rayon Mərkəzi Xəstəxanası” sözləri var idi. Yeni xəstəxananın açılışında Prezident İlham Əliyev də gəlmişdi. Bizim ailədən isə heç kimi çağırmadılar. Bu azmış kimi yeni xəstəxananın qarşısından həm Şahinin adını, həm də Şahinlə bağlı guşəni yığışdırdılar. Bu mənə çox təsir etdi. 2016-cı ildə İcra başçısı Ənvər Seyidəliyevin qəbuluna getdim və narazılığımı bildirdim. Səhiyyə Nazirliyinə müraciət etdim, yalnız bundan sonra Şahinin adını xəstəxananın qarşısına əlavə etdilər. Lakin guşəsi hələ də bərpa olunmayıb".
“İcra başçısının qəbulunda olanda dedilər ki, baş qarışıq olub, bizi çağırmağı unudublar. Dedim, imkan varsa, xəstəxanada Şahinin büstü qoyulsun. Ənvər müəllim bildirdi ki, büst yalnız milli qəhrəmanlar üçün qoyulur. Amma söz verdi ki, bu məsələni şəxsən nəzarətə götürəcək və guşə təşkil ediləcək. Amma hələ də bu söz yerinə yetirilməyib. Əgər maliyyə ayırmaq istəmirlərsə, razıyam, köhnə guşəni ora yerləşdirsinlər. Hansı ki, o lövhəni biz öz vəsaitimizlə düzəltdirmişdik. Qoy mənim də içim rahat olsun ki, Şahinin xatirəsi əbədi yaşayacaq. Eyni zamanda xəstəxanaya gələnlər onun kim olduğunu biləcək", - deyə Yasəmən xanım bildirib.
Qeyd edək ki, Ağsu rayonu Gəgəli kəndindən olan Şahin Quliyev 1994-cü ildə Tərtər rayonu Seysulan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, cəbhədə döyüşməklə yanaşı, həm də həkim kimi xidmət aparıb. Saysız-hesabsız yaralının həyatını xilas edib.
Amin Nəzərli
Qeyd: Şahin Quliyevin həyat yolu ilə bağlı müsahibəni sabah Femida.az-da oxuya bilərsiniz.
Femida.az
Oxunub: 1579
Oxşar xəbərlər
- Şəhid və qazi övladlarına psixoloji dəstəklə bağlı tədbir keçirilib
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- Zakir Həsənov şəhid ailələrinə başsağlığı verib
- Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Sosial şəbəkələrdə "şəhid bacısı” adı altında vətəndaşlardan pul toplayan kişi saxlanılıb
- ŞƏHİDLƏRİMİZ VAR
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ata-anası olmayan şəhidi xalq belə ağladı - DƏFNDƏN ÜRƏKDAĞLAYAN VİDEO