Oqtay Əsədov Gürcüstan Prezidenti ilə görüşüb


20:20     27 Fevral 2019 2019/02/DF59ED8A-D000-43C2-8409-BC1EAB17368A_1551284436.jpeg

Milli Məclisin Sədri Oqtay Əsədov ölkədə səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentin Mətbuat xidmətindən Femida.az- a verilən məlumata görə, O.Əsədov Salome Zurabişvilini Gürcüstanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib, gələcək fəaliyyətində uğurlar diləyib.

Spiker belə bir inamı ifadə edib ki, Salome Zurabişvilinin bu vəzifədə ölkəmizə ilk rəsmi səfəri Azərbaycanla Gürcüstan arasında mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Bildirilib ki, Azərbaycan tərəfi Gürcüstanla dostluğu yüksək dəyərləndirir, qədim tarixə malik münasibətlərimizin inkişafına böyük önəm verir. Biz hər bir vəziyyətdə bir-birimizin yanında olmuşuq, həmişə bir-birimizi dəstəkləmişik.

Dövlət başçılarının müxtəlif vaxtlarda həyata keçirdikləri qarşılıqlı səfərlər, aparılan danışıqlar əməkdaşlığımızı strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. İki qardaş ölkənin birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft və qaz layihələri Avropanın enerji xəritəsini yenidən cızmaqdadır. Bakı-Tbilisi-Qars dəmiryolu xətti isə bölgənin mühüm nəqliyyat qovşağına çevrilməsində əhəmiyyətli rol oynayır. Bu kimi layihələr Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının formalaşmasına gətirib çıxarıb. Heç də təsadüfi deyil ki, bu üç ölkə parlamentlərinin xarici əlaqələr komitələrinin birgə iclaslarının keçirilməsi artıq adi hal alıb.

Bu gün Gürcüstanda mindən çox Azərbaycan kapitallı şirkətlər, ölkəmizdə isə 300-dən çox gürcü şirkətləri fəaliyyət göstərir. Təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 580 milyon ABŞ dolları həcmində olub. Azərbaycan Gürcüstan iqtisadiyyatının yatırımlar edən ən iri investorlardan biridir.

Sədr təəssüflə qeyd edib ki, hər iki ölkənin ərazi bütövlüyünün pozulması kimi oxşar problemimiz var: "Biz bu məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin pozulmaması prinsipinə uyğun olaraq ədalətli həllinə tərəfdarıq".

Spiker deputatlarımızın əməkdaşlığımıza mühüm töhfələr verdiyinə diqqət çəkərək hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib. Qeyd edilib ki, nüfuzlu beynəlxalq qurumlarda nümayəndə heyətlərimiz ümumi məqsədlər naminə vahid mövqedən çıxış etmək üçün prinsipial məsələlər ətrafında fikir mübadiləsi aparırlar.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Gürcüstan Prezidenti Salome Zurabişvili Milli Məclisdə olmağından və səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnun olduğunu söyləyib və bildirib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi dövlətlərarası münasibətlərə də öz müsbət təsirini göstərir: "Gələcəkdə regionun inkişafına əhəmiyyətli təsir göstərəcək layihələrin reallaşmasında parlamentlərin də rolu şübhəsizdir. Bu sahədəki fəaliyyəti tənzimləmək üçün parlamentlərin müvafiq komitələrinin görüşləri məqsədəuyğun olardı".

Gürcüstan Prezidenti Azərbaycanın təşəbbüsü və Gürcüstanın fəal iştirakı ilə reallaşmış enerji layihələrinin əhəmiyyətini xüsusi vurğulayıb. Bölgənin Avropa və Asiya üçün mühüm nəqliyyat dəhlizinə çevrilməsi barədə fikirlərini açıqladı. Qeyd edildi ki, hər iki ölkənin coğrafi mövqeyi nəzərdə tutulan planların həyata keçməsi üçün önəmli amillərdən biridir. Gürcüstanın Azərbaycanla dostluğunun qədim tarixi kökləri olduğunu vurğulayan qonaq gələcəkdə həyatın digər sahələrində, o cümlədən mədəniyyət sahəsində də əlaqələri dərinləşdirmək niyyətində olduqlarını söyləyib.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əflatun Amaşov, ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradza və digər rəsmi şəxslər iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 549