Ədliyyə Nazirliyindən rüşvətxor məmurla bağlı AÇIQLAMA


21:12     27 Fevral 2019 trend_edliyye_nazirliyi_justice_ministry_album.jpg

Ədliyyə Nazirliyinin mətbuat xidməti ötən gün bəzi media qurumlarında yayımlanan xəbərlə bağlı açıqlama yayıb. Femida.az açıqlamanı təqdim edir:



Bəzi xəbər portallarında 2019-cu il 26 fevral tarixində "İcra məmuru rüşvət maddəsi ilə həbs edildi" mövzusunda yazılarda Şabran rayon icra və probasiya şöbəsinin guya hazırda icra məmuru vəzifəsində çalışan N.Məstanovla bağlı dəqiqləşdirilməmiş məlumatlar dərc edilib, təhrifə yol verilib.

Bildirilir ki, əvvəllər qeyd olunan vəzifədə işləmiş N.Məstanov xidməti vəzifəsinin icrası zamanı kobud qanun pozuntularına yol verib, o cümlədən borclu ilə xidmətdənkənar münasibətə girməklə korrupsiya hüquqpozması təəssüratı yaradan əməl törədib.

Dövlətimizin korrupsiyaya qarşı mübarizədə qəti siyasi iradəsinə uyğun olaraq Ədliyyə Nazirliyi belə hallarla bağlı daim barışmaz mövqe tutur. Buna görə N.Məstanova qarşı ən ciddi tədbirlər görülərək, Ədliyyə Nazirliyi üzrə 13.11.2018-ci il tarixli Əmrlə o, ədliyyə orqanlarından xaric edilmiş və araşdırma materialları məhz nazirlik tərəfindən hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən N.Məstanovun təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə göndərilib və onun barəsində yazıda qeyd olunduğu kimi həbs deyil, "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 754