Kreditlərlə bağlı fərman 900 minə yaxın vətəndaşı əhatə edəcək


18:16     28 Fevral 2019 19_02_28_1551361031.jpg


Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı imzaladığı fərmanın birinci hissəsindən məzənnə dəyişməsi nəticəsində təsirə məruz qalan, xarici valyutada krediti olan 450 min Azərbaycan vətəndaşı yararlanacaq.


Femida.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sədri Vüsal Qasımlı fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Bildirib ki, əgər vətəndaş xarici valyutada olan krediti tam ödəyibsə, onun ödədiyi əlavə vəsait qaytarılacaq: “Fərmanın ikinci hissəsindən 10 min ABŞ dolları və ya 17 min manatadək kredit götürmüş və onu 360 gündən artıq müddətdə geri qaytarmayan 400 mindən çox insan yararlanacaq. Bu siyahılar tam dəqiqləşdiriləcək. Prezidentin fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Fərmanın dairəsinə 900 minə yaxın insan düşür".

V.Qasımlı, həmçinin qeyd edib ki, MDB ölkələrinin təcrübəsində müxtəlif ölkələrdə problemli kreditlərin qaytarılmasına dair müxtəlif cəhdlər olub: "Azərbaycanda problemli kreditlərin həlli ilə bağlı yanaşma ən sistemli, əhatəli, əhalinin maraqlarını ən çox nəzərə alan və ən çox sosial yönümlüdür".

Femida.az

Açar sözlər: #kredit   #fərman  

Oxunub: 586