Cəfər Cabbarlının ev muzeyi sökülür? - AÇIQLAMA


13:39     04 Mart 2019 2019/03/2019-02-2812-35-38_5c779db198800_1551693096.png

Görkəmli yazıçı və dramaturq Cəfər Cabbarlının Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı 44/48 ünvanında yerləşən ev muzeyinin söküləcəyi və yerində çoxmərtəbəli bina inşa ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı Azərbaycan Yazıçılar Birliyi Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.

Femida.az yaranmış narahatlıqla bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə müraciət edib. Baş İdarədən bildiriblər ki, 2012-ci ildə C.Cabbalının ailəsi tərəfindən Baş İdarəyə muzeyin saxlanılması və regenerasiya olunması nəzərə alınmaqla ərazinin yüksək mərtəbəli binanın tikintisi məqsədilə özəl şirkətə verilməsi barədə konkret təşəbbüs daxil olub. Sonralar ailə tərəfindən ərazi və tikililər həmin şirkətin adına alqı-satqı yolu ilə sənədləşdirilib.



Baş İdarə öz növbəsində ailə tərəfindən özəlləşdirilmiş tikililərin sökülərək yenidən inşa edilməsini və bu məqsədlə külli miqdarda dövlət vəsaitinin cəlb edilməsini məqsədəuyğun saymayaraq, C.Cabbarlının xatirəsinə və onun ailəsinə hörmət əlaməti olaraq, ev muzeyinin saxlanılması məqsədilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət qurumları ilə razılaşdırmaqla muzeyin yerində tikiləcək binanın 1-ci mərtəbəsində və ya binanın ərazisində tarixi görkəmi və sahəsi saxlanılmaqla, Baş İdarənin mütəxəssislərinin nəzarəti altında ərazinin yenidən qurulması şərti ilə razılıq veriliməsi məcburiyyəti qarşısında qalıb.

Qeyd olunub ki, hazırda Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Cəfər Cabbarlının ev muzeyi üçün Azərbaycan Dövlət Teatr Muzeyində ayrılan ekspozisiya sahəsində yeni bədii tərtibat işlərinin aparılması nəzərdə tutulub. Bu ekspozisiya C.Cabbarlının ev muzeyi öz tarixi yerində fəaliyyətə başlayana kimi nümayiş olunacaq.







Femida.az

Açar sözlər:

Oxunub: 1270