Ədliyyə sahəsində innovasiyalar təqdir olunur

Ədliyyə sahəsində innovasiyalar təqdir olunur


17:31     04 Mart 2019 edliyye%20nazir.jpg

Ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası çərçivəsində azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür, bu məqsədlə Ədliyyə Nazirliyində Probasiya xidməti yaradılmaqla həmin cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, qısa müddətdə bu sahədə yaranmış müsbət təcrübəmizə maraq göstərilərək digər dövlətlər tərəfindən yerində öyrənilir, probasiya fəaliyyətinin ictimai əhəmiyyəti nəzərə alınaraq geniş təqdimatlar keçirilir.

Ölkəmizdə fəaliyyət göstərən qərb dövlətlərinin diplomatik korpusunun nümayəndələri bu sahədə təcrübəmizlə tanış olmaq barədə niyyətlərini bildirərək nazirliyin Probasiya xidmətinə baş çəkiblər.

Keçirilmiş görüşdə dövlət başçısının Sərəncamının icrası üzrə görülən işlər, o cümlədən azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi, bu sahədə probasiya xidmətinin elektron monitorinq fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, həmin cəzaların icrasında xarici təcrübə qısa müddətdə öyrənilib, bir çox müxtəlif modellər sınaqdan keçirilib, elektron nəzarət vasitələrinin məhz yerli istehsalı təşkil olunub.
Məhkəmələr tərəfindən alternativ cəzaların tətbiqinə daha çox üstünlük verilməsinin nəticəsidir ki, bir ildən az müddətdə artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq olunub.

Qonaqlar Xidmətin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti, elektron qolbağın imkanları və tətbiqi xüsusiyyətləri ilə əyani tanış olub, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında innovasiyaları, bu sahədə məhkəmə praktikasında humanist yanaşmanı yüksək qiymətləndirib, elektron qolbaqların tətbiqi sayının artmasını məmnunluqla qarşılayaraq qısa müddətdə belə proqresə dünyanın nadir ölkələrində rast gəlindiyini vurğulayıblar.
Müzakirələr zamanı qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb, faydalı fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin, qonaqlara ədliyyə sahəsində tətbiq olunan digər innovasiyalar və rəqəmsal texnologiyalar barədə məlumat verilib, notariat hərəkətlərinin asan və çevik aparılması, əhalinin məmnunluğunun təmin olunması üçün məsafədən xidmətlərin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, səyyar notariat çantası, dünya təcrübəsində rast gəlinməyən və Azərbaycan məhsulu olan bütün notariat fəaliyyətinə dair mobil telefona yüklənən proqram təminatı nümayiş etdirilib.

Ədliyyə sahəsindəki yeniliklərdən heyranlıqlarını ifadə edən diplomatik korpusun nümayəndələri qısa zamanda vətəndaşlara xidmət sahəsində müasir innovativ texnologiyaların tətbiqi üzrə mükəmməl inkişafa nail olunduğunu vurğulayıb, əldə olunan nailiyyətləri təqdir ediblər.

Femida.az

Açar sözlər: ##ədliyyə   #qanun   #hüquq   #innovasiya  

Oxunub: 349