"Biz xalqları sülhə, yoxsa başqa istiqamətə hazırlayaq?" - Məmmədyarovdan mesaj


15:17     05 Mart 2019 19_03_05_1551784677.jpg


"Ermənistan tərəfinin son bəyanatları sülhə nail olmağa xidmət etmir".

Femida.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın XİN rəhbəri Miroslav Layçak ilə görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, bu bəyanatlar xoşa gələn deyil və pozitiv mühiti öldürür:

"Paris görüşündən sonra həmsədrlər pozitiv bəyanatla çıxış etdilər. Bildirdilər ki, xalqlar sülhə hazırlanmalıdır. Amma erməni tərəfinin bəyanatları buna inanmağa imkan vermir. Bununla bağlı özümüz də təhlilər aparmalıyıq. Ona görə ATƏT sədrindən xahiş etdim ki, İrəvanda olarkən erməni tərəfindən soruşsun ki, biz xalqları sülhə, yoxsa başqa istiqamətə hazırlayaq?".

Elmar Məmmədyarov bildirib ki, ATƏT sədrini Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son durum barədə məlumatlandırıb:

"ATƏT sədrindən xahiş etdim ki, gələn həftə İrəvanda səfərdə olduğu vaxt Ermənistanın yeni rəhbərliyindən bu münaqişənin onlara, sıravi ermənilərə nə verdiyini soruşsun. Sıravi ermənilər işğal olunan torpaqlarda nə qazandılar, həyatları yaxşılaşdımı? Onlar heç nə əldə etməyib. Ermənilərin həyat səviyyələri yüksəlibmi? Yox. Əksinə onlar daha ağır demoqrafik vəziyyət, ağır iqtisadi vəziyyətdə üzləşiblər".

XİN rəhbəri vurğulayıb ki, erməni həmkarı ilə Qarabağ münaiqşəsinin nizamlanmasına dair 4 dəfə, Azərbaycan və Ermənistan liderləri isə 3 dəfə görüşüblər:

"Biz münaqişənin nizamlanması prosesində irəliləyiş olmasını istəyirik. Proses ən azı ölü nöqtədən tərpələnməlidir".

Məmmədyarov eyni zamanda qeyd edib ki, bu yaxınlarda nüfuzlu "Berlin Economics" nəşri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hesabat hazırlayıb. Hesabata əsasən münaqişəni həllindən həm Ermənistan, həm də Azərbaycan iqtisadiyyattında əhəmiyyətli artım qeydə alınacaq.

Femida.az

Açar sözlər: #XİN   #ATƏT   #Qarabağ   #Ermənistan   #Məmmədyarov  

Oxunub: 587