“Azərişığ”a müraciət edən sahibkarların sayı 2 qat artıb - Son 1 ayda


15:23     06 Mart 2019 azerisiq%20ixtisarr.jpg


2019-cu ilin fevralında “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə 449 sahibkar obyektini elektrik şəbəkəsinə qoşdurmaq üçün müraciət edib.

Bu barədə Femida.az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O, bildirib ki, fevral ayı 28 gündən ibarət olmasına baxmayaraq sahibkarların müraciəti ötən aylarla müqayisədə demək olar 2 dəfəyə yaxın artıb:

“Sahibkarların elektrik şəbəkəsinə qoşulmaqla bağlı müraciətlərinin sayının belə sürətlə artması sözsüz ki, aparılan islahatlarla bağlıdır. Qeyd edək ki, iki ay öncə, daha dəqiqi ötən ilin dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” növbəti fərman imzalanıb və fərmana əsasən şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilib. Bundan başqa şəbəkəyə qoşulma ilə bağlı kVt-a görə vahid tarifin tətbiq olunması və Azərişıq ASC-nin elektron xəritəsinin “ASAN xidmətin” işinə inteqrasiya edilməsi də sahibkarların işini daha da asanlaşdırıb”.

“Bununla yanaşı fevral ayında 3 344 vətəndaş evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün müraciət edib. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla həm sahibkarların, həm də vətəndaşların müraciətləri yerinə yetirilib. Ümumilikdə isə fevral ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət” və “ASAN kommunal” vasitəsi ilə 25 266 müraciət daxil olub”- deyə T.Mustafayev qeyd edib.

Femida.az

Açar sözlər: #Azərişıq   #ASAN  

Oxunub: 424