Novruzqabağı süni qiymət artımına nəzarət - NECƏ APARILACAQ? (ARAŞDIRMA)


13:07     07 Mart 2019 2019/03/bazarliq_14_1551949609.jpg


Hər il bayramqabağı əhalinin qida məhsullarına tələbatının artması qiymət artımını da özü ilə gətirir. İstər bazarlarda, istər iri marketlərdə, istərsə də pərakəndə satış məntəqələrində bayram süfrəsi üçün lazım olan məhsullar bahalaşır. Femida.az-ın araşdırmasına görə, bu hal xüsusilə də paytaxt Bakıda daha çox özünü göstərir. Alıcı sayının çoxluğu və bu alıcılar üçün kənd məhsullarının əlçatan olmaması bəzi işbazlar üçün bayram ərəfəsində Bakını “yağlı alver” məkanına çevirir.

Sevindirici haldır ki, bu tendensiya son illər Kənd Təsərrüfatı və Aqrar sahədə aparılan sistemli işlər nəticəsində azalmağa başlayıb. Belə ki, Novruz bayramı ilə əlaqədar olaraq Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən Bakı əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsullarının yarmarkaları təşkil olunub. Martın 2-dən 15-dək şənbə və bazar günləri, 16-21 mart tarixlərində isə gündəlik olaraq fəaliyyət göstərəcək bu yarmarkalar paytaxtın 4 nöqtəsində təşkil olunub:

1.Səbail rayonu (Nizami küç. 154, 28 may metrostansiyasının yanı)
2.Nizami rayonu (Qara Qarayev küç. 55/57 sayli binanın qarşısı, Orbita ticarət mərkəzinin dayanacağı)
3.Yasamal rayonu (Hüseyn Cavid prospekti, Elmlər Akademiyası binasının qarşısındakı park)
4.Xəzər rayonu (Mərdəkan qəsəbəsi, S.Yesenin küç. 5)


Yarmarkanın şəhər əhalisi üçün əsas üstünlüyü ondan ibarətdir ki, vətəndaşlarımız gigiyenik və qida təhlükəsizliyi standartlarına uyğun, keyfiyyətli və təbii kənd təsərrüfatı məhsullarını sərfəli qiymətlə birbaşa fermerdən əldə edə biləcək.



Bəs yarmarkalarda süni qiymət artımının qarşısının alınması ilə bağlı hansı tədbirlər görülür?

Dövlət Aqrar Ticarət Şirkəti ilə əlaqə saxladıq. Şirkətin direktoru Leyla Məmmədova Femida.az-a açıqlamasında bildirdi ki, süni qiymət artımına yol verilməməsi üçün şirkətin əməkdaşları tərəfindən monitorinq həyata keçirilir:

“Novruz bayramı ərəfəsində yarmarkaların keçirilməsində məqsəd bayramqabağı vətəndaşların yerli istehsal kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının ödənilməsi, yerli fermerlərin məhsullarının satışının təşkili və süni qiymət artımının qarşısının alınmasıdır.
Bakı şəhər İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən paytaxtın 4 müxtəlif nöqtəsində birgə yarmarkalar təşkil edilib.



“Kənddən Şəhərə” yarmarkalarında fermerlər tamamilə ödənişsiz formada iştirak edir. İştirakçı fermerlər tərəzi, piştaxtalar və xüsusi geyimlərlə təchiz edilib. Müasir yarmarka konsepsiyasına uyğun təşkil edilən “Kənddən Şəhərə” yarmarkalarında AQTA-nın səyyar laboratoriyaları fəaliyyət göstərir, məhsulların keyfiyyəti yoxlanır, yoxlanışdan uğurla keçən məhsullar satışa buraxılır. Yarmarkada məhsullar fermerlərin özləri və ya ailə üzvləri tərəfindən satışa çıxarıldığı üçün qiymətlər orta bazar qiymətindən aşağı təklif olunur. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Aqrar Ticarət Şirkəti qiymətlərin formalaşmasına bu və ya digər formada iştirak etmir, qiymətlər tələb-təklif əsasında müəyyənləşdirilir. Eyni zamanda əməkdaşlarımız yarmarka ərazisində süni qiymət artımına yol verilməməsi üçün monitorinq həyata keçirirlər”.

Dövlət Aqrar Şirkətinin yaratdığı bu imkan təqdirə layiq olsa da, 3-4 milyon nəfər əhalinin yaşadığı Bakı şəhəri üçün bu yarmarkalar bütün tələbatı ödəməyə imkan vermir. Odur ki, əhalinin böyük bir qismi də iri supermarketlərə üz tutur. Bəzən supermarketlərdə qiymətlərin kiçik marketlər, eləcə də pərakəndə satış nöqtələrinə nisbətən ucuz olduğunu düşünsək də, bayramqabağı belə supermarketlər “aldadıcı” qiymət siyasəti tətbiq edirlər. Başqa sözlə desək, müəyyən qisim malların qiyməti “endirim” adıyla aşağı salınsa da, bir qisim malların qiyməti qaldırılır. Bu yolla da marketlər endirim etdiyi mallarda itirdiyi pulu qiymətini artırdığı mallar vasitəsilə geri qaytarır.



Marketlərdə qiymətlər necədir?

Qiymətlərlə əyani tanışlıq üçün redaksiyamızın yaxınlığında yerləşən iri supermarketlərdən birinə üz tutduq. Novruz bayramı üçün ən lazımlı qidaların qiymətləri ilə maraqlandıq. Fındıq 6-7 manat, qoz 14 manat, çərəz isə 11 manatdır. Bunlar qabıqlı halda olan quru meyvələrə aiddir. Ləpə formasında isə qiymətlərin baha olduğu göz önündədir. Fındıq ləpəsi 15 manata normal saymaq olarsa, qoz ləpəsinin qiyməti bizi təəccübləndirir: 31-35 manat. Düzdür, 18 manata da qoz ləpəsi satılır. Lakin bu ləpə bayram süfrəsi üçün yararlı deyil. Fıstıq qiymətləri 6.50 manat, badam isə 24-28 manatdır.

Meyvə satılan bölməyə keçirik. 90 qəpiyə də alma ala bilərsiz, 4 manata da. Aradakı bu böyük fərq isə onun dadı, ölçüsü, görüntüsü və yetişdiyi bölgədən asılıdır. Pomidor 2-4 manat arasında dəyişirsə, xiyarın qiyməti 3-5 manat arasındadır. Armud 2-4, banan 2.7, kivi 2 manata təklif olunur.



“Stolda heç nə əskik olmamalıdır”

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə düşünür ki, hər il olduğu kimi bu il də bayramqabağı qiymət artımları müşahidə edirik. Onun sözlərinə görə, bu prosesdə bir neçə amil mühüm rol oynayır:

Bayramlar ərəfəsində “Stolda heç nə əskik olmamalıdır” inamı ilə başlayan hazırlıqlar ərzaq və qeyri-ərzaq məhsullarına təlabatın kəskin artmasına gətirib çıxarır. Təsərrüfat mövsümi baxımından da bu zaman kəsiyi əlverişsiz dövrdür, çünki, istehsal prosesi hələ payızda başa çatır, dekabrdan başlayaraq kənd təsərrüfatı məhsulları anbarlardan satılır. Saxlanc yerlərinə girən məhsulların gündəlik saxlama xərcləri maya dəyərinə ciddi təsir göstərir. Fikir verirsinizsə, martdan sonra istehlak səviyyəsi aşağı düşür, qiymətlər stabilləşir, apreldən başlayaraq təzə məhsulların piştaxtalara çıxması ilə ucuzlaşma ta noyabra qədər davam edir.
Kənd təsərrüfatı məhsulları istehsalında fasilələr mövcuddur. Aprel-noyabr ayları istehsal gedir, əldə olunmuş məhsullar lazımi qədər saxlama imkanı olmadığı üçün mövsümdə satılır, bir hissəsi itkiyə gedir, sonrakı aylarda bir sıra məhsullar üzrə idxaldan asılılıq yaranır.
Xüsusən, Novruz bayramı ərəfəsi idxal olunan məhsullar (quru meyvə çeşidləri, güllər, ədviyyat, düyü, qoz, fındıq və s) xaricdən gətirildiyi üçün daha çox bahalaşır.



N.Nəsirlinin sözlərinə görə, bu gün birbaşa istehlak bazarına nəzarət edən, süni qiymət artımlarını tənzimləyən aidiyyatı qurum yoxdur:

“Ötən ilin aprelinə qədər nəzarət funksiyasını İqtisadiyyat Nazirliyinə bağlı Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti yerinə yetirirdi, lakin bu qurum ləğv edilərək əsasında yeni bir qurumun yaradılması haqqında sərəncam imzalanıb. Hələ ki, yeni qurum fəaliyyətə başlamayıb.
İstehlak bazarlarında daha çox bolluq yaratmaq, gəlir səviyyəsi aşağı olan əhali üçün ucuz məhsulların təmin edilməsi, yarmarka, daşınan bazarlar, səyyar satış məntəqələri açmaqla rəqabət mühiti yaratmaq, nəticədə qiymətləri tənzimləmək daha effektiv olardı”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #kənd   #aqrar   #bazar   #məhsul   #qida   #novruz   #market   #qiymət   #araşdırma  

Oxunub: 2134