Yaz gəlir: yoluxucu xəstəliklərdən necə qorunaq? – HƏKİM MƏSLƏHƏTİ

Yaz gəlir: yoluxucu xəstəliklərdən necə qorunaq? – HƏKİM MƏSLƏHƏTİ


13:31     09 Mart 2019 19_03_09_1552123969.jpg

Yazın gəlişinə çox az qalıb. Fəsil dəyişkənliyi ilə əlaqədar insanların səhhətlərində bir sıra xəstəliklər və problemlər meydana gəlir. İnsanlar bu dövrdə sağlamlıqlarına qarşı daha diqqətli olmalı, özlərini ətraf mühitin mənfi təsirlərindən qorumalıdırlar.



Bəs yaz fəslinin gəlişi özü ilə hansı sağlamlıq problemlərini gətirir və insanlar özlərini necə qorumalıdırlar?

Medicina.az bu məsələ ilə bağlı olaraq terapevt Nərgiz Abdullayevadan açıqlama alıb. Həkim bildirir ki, yaz fəsli sağlamlıq problemlərinin bol olduğu bir fəsil hesab olunur, çünki bu fəsildə havalar tez-tez dəyişir. Bu isə soyuq havaya öyrəşmiş insan orqanizminə mənfi təsir göstərir: "Temperaturun qəfil dəyişməsi orqanizmə mənfi təsir edir. İnsanın orqanizminin yeni havaya adaptasiya olması üçün bir müddət lazımdır. Bu ərəfələrdə orqanizmin immuniteti kəskin şəkildə aşağı düşür. Bu isə bədənin viruslara və bakteriyalara olan müqavimətini azaldaraq, bir çox xəstəliyə yoluxmasına şərait yaradır. Heç təsadüfi deyil ki, yaz aylarında havaların isinməsinə baxmayaraq, qrip, angina kimi bir çox yoluxucu xəstəliklərdə artım müşahidə olunur”.

N.Abdullayeva deyir ki, belə hallardan özümüzü qorumaq üçün ilk növbədə geyimimizə fikir verməliyik: "Hava şəraiti tez-tez dəyişdiyi üçün insan qalın geyinə və tərləyə bilər. Bu amilə xüsusi diqqət yetirmək lazımdır. İnsanlar həmçinin, qidalanmalarına da nəzarət etməlidirlər. Yaxşı olardı ki, meyvə-tərəvəzdən və təbii qidalardan çox istifadə etsinlər. Çoxlu maye və vitaminli təbii şirələr müqaviməti artırır. Həmçinin, vitamin komplekslərində istifadə etmək məsləhətdir”.

Terapevtin sözlərinə görə, bundan əlavə yaz aylarında insanların ən çox üzləşdikləri problemlərdən biri də müxtəlif allergiyalardır: "Yazda ağacların çiçəkləməsi, havada çiçək tozcuqlarının uçuşması bir çox insanların gözlərində, nəfəs yollarında, boğazlarında qızartı, qıcıqlanma, qaşıntı kimi hallara səbəb olur. Gözlərin sulanması, burundan mayenin axması, öskürək, gecələr yatarkən boğazda qıcıqlanma kimi hallar yaz allergiyasının əlamətlərindəndir. Bu cür problemlərlə üzləşdikdə mütləq həkimə müraciət etmək, müalicə kursu götürmək lazımdır. Əgər allergiyanız varsa, o zaman antihistamin tərkibli dərman preparatlarından istifadə edin. Bu preparatlar qıcıqlanmanı aradan qaldıraraq, gecələr daha rahat yatmağınızı təmin edəcək”.

Açar sözlər:

Oxunub: 195