Beynəlxalq Cinayət Məhkəməsi kimləri mühakimə edir? - Səlahiyyətləri NƏDİR?


12:24     11 Mart 2019 19_03_11_1552292594.jpg


Beynəlxalq Cinayət Məhkəməsi (BCM) müharibə cinayətləri, insanlığa qarşı cinayətlər, soyqırım cinayətləri və hücum cinayətlərinə görə mühakimə aparan məhkəmədir. Femida.az bildirir ki, 1 iyul 2002-ci ildə yaradılsa da, rəsmi olaraq 16 il öncə bu gün - 11 mart 2003-cü il tarixində işə başlayıb. Məhkəmə binası Hollandiyanın Lahey şəhərində yerləşir.


Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması üçün ilk iş 1998-ci ildə Romada Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında başlayıb. 17 iyul 1998-ci ildə Beynəlxalq Cəza Məhkəməsi 120 lehinə, 21 əleyhinə səslə qəbul edilib. Roma anlaşması məhkəmənin necə işlədiyini, hansı dövlətlərlə əməkdaşlıq etdiyini müəyyən edir. Nizamnaməyə uyğun olaraq, Beynəlxalq Cəza Məhkəməsinin fəaliyyətə başlaması üçün 60 ölkənin təsdiqi lazım idi. Nəhayət 11 aprel 2002-ci ildə 60 ölkə qərarı ratifikasiya etdi. 2015-ci ildə artıq 140-a yaxın ölkə anlaşmanı imzalamış, 120-dən çox dövlət təsdiq etmişdi.

Hansı cinayətləri mühakimə edə bilər?
BCM yalnız 1 iyul 2002-ci il tarixindən sonrakı cinayətləri mühakimə edə bilər. Lakin bu tarixdən sonra hər bir dövlət müqaviləni imzalandığı gündən etibarən ona aid olan cinayətləri məhkəməyə təqdim edə bilər. Eyni zamanda bu dövlətlər istəsələr, 1 iyul 2002-ci ildən etibarən baş vermiş cinayətlərin də mühakiməsini tələb edə bilər.



Kimləri mühakimə edə bilər?
BCM yalnız insanları mühakimə edə bilər. Dövlətlər barəsində hökm vermək səlahiyyətinə malik deyil.

Harada törədilən cinayətlər mühakimə oluna bilər?
Müqaviləni ratifikasiya etmiş iştirakçı dövlətlərdə baş vermiş cinayətlər.

Məhkəmə prosesi
İclaslar Laheydəki məhkəməsi binasında baş tutur. Məhkəmə prokuroru zərərçəkmiş və ya ailəsini də ehtiva edəcək şəkildə hər hansı bir mənbədən gələn məlumata əsasən, işlənmiş bir və ya da birdən çox cinayətin müzakirə mövzusu olduğu hadisə haqqında istintaq başlada bilər. Müqaviləni ratifikasiya etmiş dövlətlər işlənmiş cinayətin istintaqı üçün prokurora sorğu ünvanlaya bilərlər. BMT Təhlükəsizlik Şurası işlənmiş cinayətin istintaqı üçün prokurordan sorğu tələb bilər. Hadisə razılaşmaya üzv olmayan dövlətin ərazisində baş veribsə, yalnız BMT Təhlükəsizlik Şurasının tələbindən sonra BCM onu mühakimə edə bilər. Bununla belə bu vəziyyətlərin hər birində istintaq açılıb-açılmayacağına və digər istintaq tədbirlərinə dair qərarları dövlətlər və BMT Təhlükəsizlik Şurası deyil, BCM verir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #məhkəmə   #cinayət   #BCM   #BMT   #hüquq   #qanun   #cəza   #femida  

Oxunub: 3595