Nazir Cocuq Mərcanlıda döyüş postuna baş çəkib
20:32 11 Mart 2019
Mədəniyyət naziri Əbülfəs Qarayev martın 11-də Azərbaycan Ordusu hissələrinin Cocuq Mərcanlı kəndində yerləşən döyüş postuna baş çəkib.
Mədəniyyət Nazirliyindən Femida.az -a verilən məlumata görə, general-mayor Mayis Bərxudarov hərbçilərimizin yüksək döyüş hazırlığı haqqında məlumat verib Vurğulanıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordu hissələrimizin təchizatı ilə bağlı bütün məsələlər yüksək səviyyədə həll olunur, hərbçilərimiz işğal altındakı torpaqları azad etmək üçün veriləcək əmri yerinə yeritməyə hazırdır.
Nazir Əbülfəs Qarayev ön cəbhədə, düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimizi salamlayaraq bu görüşdən böyük məmnunluq duyduğunu deyib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələr, o cümlədən ordu quruculuğu uğurla inkişaf edir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsinə, Silahlı Qüvvələrimizin maddi-texniki təchizatına daim xüsusi diqqət göstərilir. Bu diqqət və qayğı sayəsində Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malikdir. Qəhrəman hərbçilərimiz 2016-cı ilin aprelində düşmənin ön cəbhədəki təxribatına layiqincə cavab verməklə bunu bir daha nümayiş etdirdilər. Məhz həmin zəfər sayəsində işğal altındakı torpaqlarımızın bir hissəsi, Lələtəpə yüksəkliyi, digər strateji yüksəkliklər düşməndən azad edildi, Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurdlarına qayıtdı. Yenidən qurulan Cocuq Mərcanlı Qarabağ müharibəsində gələcək zəfərlərimizin müjdəsidir.
Nazir qeyd edib ki, bu gün biz bütün sahələrdə, bütün cəbhələrdə düşmənlə mübarizə aparırıq. İşğalçı Ermənistan təkcə torpaqlarımızı deyil, tariximizi, mədəniyyətimizi, musiqimizi, milli mətbəximizi də hədəf alıb. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıblar. Bu gün mədəniyyət sahəsində çalışan insanlarımız da düşmənin irsimizə, tariximizə qarşı bəd əməllərinə, məkrinə qarşı mübarizə aparırlar. Tarixi-mədəni irsimizi, mədəni dəyərlərimizi düşməndən qorumaq keçmişimizə və gələcəyimizə sahib çıxmaq deməkdir.
Nazir hərbçilərimizə yeni zəfərlər arzulayaraq Ali Baş Komandan rəhbərliyi ilə, əsgər və zabitlərimizin əzmi, qəhrəmanlığı sayəsində bütün torpaqlarımızın düşməndən azad olunacağına inamını ifadə edib.
Sonda hərbçilərə kitablar, film izləmək üçün ləvazimatlar, milli filmlərin diskləri hədiyyə olunub. Hərbi hissənin komandanlığı adından nazir Əbülfəs Qarayevə xatirə hədiyyəsi təqdim edilib.
Qeyd edək ki, mədəniyyət naziri Əbülfəs Qarayev martın 11-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Cəbrayıl, Füzuli, İmişli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Nazir mətbuata açıqlamasında Cocuq Mərcanlı kəndində keçirilən vətəndaş qəbulunun, eləcə də ön cəbhədəki hərbçilərimizlə görüşün əhəmiyyətini vurğulayıb.
Yerlərdə vətəndaşlarla keçirilən bu cür görüşlərin mədəniyyət sahəsinin inkişaf etdirilməsində önəmindən bəhs edən nazir bildirib ki, budəfəki görüş xüsusi əhəmiyyət daşıyır. Çünki bu görüş 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun zəfərindən sonra yenidən qurulan Cocuq Mərcanlı kəndində keçirilirdi. Bu kəndin sakinləri doğma torpağına qayıdıb, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində kənd yenidən qurulub. Bizim fədakar vətəndaşlarımız bu gün öz doğma torpağında, təhlükəsiz şəraitində yaşayır.
Nazir vurğulayıb ki, qəbulda sakinlərin müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib: “Mədəniyyət sahəsində işin təkmilləşdirilməsi, mədəni irs abidələrinin qorunması və digər məsələlərlə bağlı müraciətlər oldu. Burada qaldırılan bütün məsələlərin öz həllini tapacaq”.
Diqqətə çatdırılıb ki, kənddə müxtəlif tədbirlərin təşkil olunmasında mədəniyyət işçiləri də daha yaxından iştirak edirlər. Martın 12-də Cocuq Mərcanlıda Novruz bayramına həsr olunmuş təntənəli tədbir keçiriləcək.
Oxunub: 491
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"