Görmə qabiliyyəti yaxşı olduğu üçün idmançımız millidən çıxarıldı


16:27     12 Mart 2019 19_03_12_1552393690.jpg

13-14 may tarixlərində Bakıda keçiriləcək paracüdo üzrə Qran-Pridə iştirak edəcək qadın millimizin heyətində dəyişiklik olunub.


Paracüdo üzrə qadın millimizin baş məşqçisi Ramin İbrahimovun Oxu.Az-a verdiyi xəbərə görə, bir idmançının görmə qabiliyyətində problem olmadığından həmin idmançı heyətdən çıxarılıb.

Bu səbəbdən millimiz martın 24-dən Şamaxı Olimpiya Kompleksində hazırlıqlara 11 yox, 10 idmançı ilə qatılacaq:

“Əvvəl 11 qadın idmançı ilə Qran-Pridə təmsil olunmalı idik. Lakin Günel Bəkirzadə adlı bir idmançımız Azərbaycanda göz komissiyasından keçə bilmədi. O, milliyə yeni qoşulmuşdu. Ancaq yerli həkimlər ona baxdıqdan sonra bizə dedilər ki, onun göz xəstəliyinin dərəcəsi aşağıdır, tez sağalandır və 90 faiz xarici komissiyadan keçməyəcək.

Ona görə də biz o idmançını milliyə çağırmadıq. Onun yerinə 63 kq-da Qran-Pri səviyyəsində güləşəcək başqa idmançımız olmadığından, bu çəkidə Azərbaycanı yalnız Xanım Hüseynova təmsil edəcək”.

Qeyd edək ki, paracüdo üzrə yarışlarda görmə qabiliyyəti zəif olan idmançılar mübarizə aparır. Həmin idmançılar mayın 12-də Bakıda tibbi təsnifatdan keçməlidir. Tibbi təsnifatdan keçə bilməyən idmançı Qran-Priyə buraxılmayacaq.

Açar sözlər:

Oxunub: 405