Oqtay Əsədov Dağıstan Xalq Məclisinin sədri ilə görüşüb


16:35     12 Mart 2019 2019/03/3067b169-b72d-4bd3-9b52-bfb875937bcc_1552394383.jpg

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Dağıstan Respublikası Xalq Məclisinin sədri Xəzri Şıxsəidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Bu barədə Femida.az-a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Spiker bu cür görüşlərin artıq ənənəvi xarakter aldığını qeyd edib: "Bu, ilk növbədə, Azərbaycanla Rusiya, o cümlədən Dağıstanla mehriban qonşuluq, dostluq və əməkdaşlığın bariz göstəricisidir".

O.Əsədov Dağıstan nümayəndə heyətinin Azərbaycana budəfəki səfərinin parlamentlərarası əlaqələrin inkişafına və tarixən qardaş xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə inamını ifadə edib. O, ötən ilin iyununda görkəmli dövlət və siyasi xadim Məhəmməd-Salam Umaxanovun 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakını xatırlayaraq, burada dağıstanlıların azərbaycanlılara dərin hörmətlə yanaşdıqlarının şahidi olduğunu dilə gətirib.

Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və aparılan danışıqlar münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb. Biz Rusiyanın regionları, o cümlədən Dağıstanla həyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsini önəmli hesab edirik.

Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərir. Bu gün Azərbaycanda Rusiya kapitallı 700 müəssisə fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dollarından yuxarı olub. Sevindirici haldır ki, Azərbaycanla Dağıstan birgə investisiya layihələrini həyata keçirmək üçün kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq edirlər.

Qanunverici orqanlar arasında da əlaqələrimiz inkişaf etməkdədir. Bu sahədə Milli Məclislə Rusiya Federal Şurası və Dağıstan Xalq Məclisi arasında imzalanmış sənədlər əhəmiyyətli rol oynamaqdadır. Qardaş Dağıstanın qanunverici orqanı ilə münasibətlərimizin dərinləşməsi xalqlarımızın ümumi məqsədlərinə xidmət edir.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Dağıstan Respublikası Xalq Məclisinin sədri Xəzri Şıxsəidov iki xalqın uzun illər dostluq və qardaşlıq şəraitində yaşadıqlarını, bir-birlərinə dərin rəğbət bəslədiklərini dilə gətirib. Qeyd edilib ki, Dağıstan Respublikası Azərbaycanla həyatın ən müxtəlif sahələrində əlaqələrin dərinləşməsində maraqlıdır.

Rusiya rəhbərliyi ilə Azərbaycanın hökumət və dövlət başçıları arasındakı xoş münasibət Rusiya Federasiyasının regionları, o cümlədən Dağıstanla Cənubi Qafqazın bu bölgəsi arasında əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır. Biz qanunverici orqanların təmsilçiləri arasında təmasların intensivləşdirilməsini önəmli hesab edirik.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 462