DGK-nin sabiq idarə rəisi ailə üzvləri üçün ayrıca şöbə yaradıb - MƏHKƏMƏ


19:48     12 Mart 2019 agir%20cinayet.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən xarici ölkə vətəndaşı Ateş Atanur, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Cəmil Mehtiyev, Əlamət Quliyev, Anar Məmmədov, Vasif Xıdırov, Elnur Məmmədov və Gömrük Hospitalının əməkdaşı Fərman Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Femida.az-ın Report-a istinadən xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kəramət Qurbanov ifadə verib.

O, dindirilən zaman təqsirləndirilən şəxslərin heç birini tanımadığını, "Zeytun" aptekdə çalışdığını deyib.

Daha sonra şahid qismində Gömrük Hospitalının Tibbi Xidmət İdarəsinin Xəstə xidmətləri şöbəsinin rəisi Gülşən İmanova ifadə verib. O qeyd edib ki, şöbədə işi hospitala gələn xəstələr haqqında ümumi məsələlər və maliyyə xidmətlərinə nəzarət etmək olub.

Məhkəmdə təqsirləndirilən F.Məmmədli şahiddən soruşub ki, digər təqsirləndirilən F.Qədiməliyevin tabeliyində kompüter-proqram sistemində ayrıca "Fikrət Qədiməliyev şöbəsi" yaradılıb? Şahid G.İmanova isə bunu təsdiq edib. O, həmin şöbənin funksiyasının nədən ibarət olduğunu bilmədiyini söyləyib.

F.Məmmədlinin sözlərinə görə, F.Qədiməliyevin yaratdığı şöbədə onun yalnız ailə üzvləri, qohumları və yaxınları qəbul olunub: "Həmin şəxslərin bütün tibbi xidmətləri pulsuz idi".

Gömrük Hospitalının əzcaçısı Sevinc Qurbanova şahid qismində dindirilən zaman vurğulayıb ki, gün ərzində 1000 manatlıq mal satılıb, lakin bunların 20-30 manatı rəsmiləşdirilib. O, rəhbərlik tərəfindən belə göstəriş verildiyini deyib.

Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Naim Bağırov da dindirilib. O bildirib ki, işi yalnız sənədlərin gömrük bəyannaməsinə uyğun olaraq tərtib etmək olub.

Məhkəmə iclası martın 14-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, 30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 413


Oxşar xəbərlər