Yazıçı Anarın doğum günüdür


11:14     14 Mart 2019 19_03_14_1552547735.jpg


Azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın doğum günüdür. Bu gün onu 81 yaşı tamam olur.

Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylininnəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir.

O, 1945-1955-ci illərdə Bülbül adına məktəbdə təhsil alıb. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxuyublar.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb. 1962-ci il yanvarın 27-də ailə həyatı qurublar.

Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Anar 1991 və 1997-ci illərdə Yazıçıların IX və X Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparıb. 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilib. PArlamentin mədəniyyət komissiyasının sədri olub.

Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə "Anar" "anmaq" ("xatırlamaq", "yada salmaq") felindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.

Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı "Sizə məktub var" (You've Got Mail) filminin ssenarisi Anarın "Mən, sən, o və telefon" əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.

Anar çoxsaylı əsərlərin müəllifi, bir çox filmin rejissoru və ssenari müəllifidir.



Femida.az

Açar sözlər: #Anar  

Oxunub: 950